“Əbədi imzalar” toplusu

  • Layihə

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu 2021-ciil mayın 12-13-də Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib.

 

Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adıgözəlovun əsərlərinin notları yer alıb.

 

Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.

 

Topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Bəzi əsərlərin notları isə sovet dövründə dərc olunsa da, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri aşkarlanmışdı. Layihəyə cəlb olunan peşəkar heyətin iştirakı ilə həmin əsərlər redaktə prosesindən keçib. Azərbaycan və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılaraq tapılıb, həmçinin bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən nəşr olunub.