GƏNCƏ
Gəncə xalçaçılıq məktəbi Azərbaycanın şimal-qərbində yerləşən
Gəncə şəhəri, onun ətraf kəndləri, Gədəbəy, Goranboy, Şəmkir və
Samux rayonlarının ərazilərini əhatə edir. Bu məktəbin mərkəzi Gəncə
şəhəridir. Tarixən Gəncə məktəbi Gəncə ətrafında olan rayonların
xalçaçılığına müsbət təsir göstərmişdir.
Gəncə hələ X-XI yüzilliklərdə ipək və yun parçalar, eyni
zamanda ipək xalçaların istehsal mərkəzi kimi tanınmışdır. Əsrlər boyu
yüksək keyfiyyətli xalça istehsalı mərkəzi olan Gəncədə xüsusi xalça
emalatxanaları olmuşdur. Gəncə xalçalarına ən gözəl nümunə “Qədim
Gəncə”, “Faxralı” xalçalarıdır. Sənətşünaslar bəzən “Qədim Gəncə”
xalçasını “Gəncə-şəhər”, “Gəncə-buta”, “Butalı Gəncə” adlandırırlar.
Kataloqda verilmiş “Qədim Gəncə” xalçasının ara sahəsində yan-yana
sıra ilə düzülmüş “buta”lar, Azərbaycanın digər xalçaçılıq məktəblərində
toxunan “buta” təsvirlərindən öz sadə quruluşu və rəng ahəngdarlığına
görə seçilir. Təqdim olunan “Faxralı” xalçası kiçik ölçüdə toxunub,
ondan məişətdə namazlıq kimi istifadə olunurdu. Müasir dövrdə bu
xalçalar daha çox dekorativ əhəmiyyət kəsb edir.