QARABAĞ
Qarabağ xalçaçılıq məktəbi Azərbaycanın cənub-qərbində
yerləşən iki regionu – dağlıq və aran zonalarını əhatə edir. Yazılı
mənbələrdə Qarabağın adı ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b.
tərəfindən X əsrdən etibarən yun və pambıq emal edən iri sənətkarlıq
mərkəzi kimi çəkilir. Holland rəssamı Hans Memlinq (XV) “Məryəm
körpəsi ilə” əsərində Qarabağ məktəbinə məxsus olan “Muğan” xalçasını
təsvir etmişdir.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi əsasən Şuşada
cəmlənmişdir. Şuşa şəhərinin əsasını 1750-ci illərin əvvəllərində Qarabağ
xanı Pənahəli xan qoymuş və şəhər ilk olaraq Pənahabad adlandırılırdı.
Qarabağ xalçaları böyük ölçüləri ilə fərqlənir. 5 hissədən
ibarət olan belə xalçalar “dəst-xəli-gəbə” adlanır. Qarabağ xalçalarının
böyük ölçüdə olmasının səbəbi sakinlərin yaşayış yerlərinin çox geniş
olması ilə əlaqədar idi. Hündür xovu və yüksək sıxlığı ilə səciyyələnən
bu məktəbin xalçaları Qarabağın təbiəti kimi əsrarəngiz və rəngarəgdir.
Xovlu xalçalarla yanaşı, burada kilim, zili, vəmi və s. xovsuz xalçalar, xalça
məmulatları da toxunur.