TƏBRİZ
Azərbaycanın qədim xalçaçılıq məktəblərindən biri Təbriz
xalçaçılıq məktəbidir. Təbriz məktəbi İranın şimal-qərbində yerləşən
Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəçə,
Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Çörəvan, Sennə,
Qaradağ və başqa xalça məntəqələrini əhatə edir.
Təbriz xalçaçılıq məktəbi müxtəlif dövrlərdə İran xalça
sənətinin təşəkkülünə ciddi təsir göstərmişdir. XVI əsrdə özünün ən
yüksək çiçəklənmə dövrünü yaşamış Təbriz klassik miniatür məktəbi
Təbriz xalça sənətinə və bütün Şərq xalça sənətinin inkişafına böyük
təsir göstərmişdir. Məhz ona görə də bu dövr Təbriz xalça sənətinin və
ümumiyyətlə, Şərq xalça sənətinin “qızıl dövrü” adlanır.
Bu dövrün xalça sənətini əks etdirən və bu gün bizə gəlib çatan
üç minə qədər şedevr xalça dünyanın bir çox muzeylərində saxlanılır.
Bu xalçaların arasında Londonun “Viktoriya və Albert” muzeyində
saxlanılan “Şeyx Səfi” (XVI əsr) və Milanda Poldi Pezzolli Muzeyində
qorunan “Ovçuluq” (XVI əsr) xalçaları xüsusi yer tutur.