Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada
xalçaçılığın inkişafına təkan vermişdir. Arxeoloji tapıntılar və tarixi yazılı
abidələr göstərir ki, Azərbaycan torpağında eramızdan əvvəl II minillikdə
insanlar xalça toxunuşlu yumşaq parçalardan öz zərifliyi, gözəlliyi ilə
seçilən müxtəlif əşyalar hazırlamışlar.
Tədqiqatlar Azərbaycanın Qafqazda xalçaçılıq məktəbi olmasından
xəbər verir. DünyadaQafqaz xalça kompozisiyaları kimi tanınan çeşnilərin
90%-
ni Azərbaycan xalça ustalarının yaratdıqları kompozisiyalar təşkil
edir. Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV
əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir.
Orta əsr italyan, holland, flamand rəssamları – Hans Memlinq, Karlo
Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını
təsvir etmişlər.
Minilliklər boyu inkişaf edən, ən yaxşı xalça ustalarının təcrübələri
ilə daha da zənginləşən Azərbaycan xalça sənəti səkkiz xalça məktəbinə
bölünür: Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ, Naxçıvan, Təbriz.
Bu məktəblərin ən parlaq nümunələri Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində saxlanılır. Kataloqda
yer alan xalçalar da bu muzeyin kolleksiyasındandır.
Azərbaycan xalçaçılıq sənəti 16 noyabr 2010-cu il tarixində
YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ
Siyahısına daxil edilmişdir.