QUBA
Azərbaycanın şimal-şərqində yerləşən Quba xalça mərkəzi üç
hissəyə - dağlıq, dağətəyi və düzənlik hissələrinə bölünür. Qubanın
xalçaçılıq məntəqələrinə Sırt-Çiçi, Dərə-Çiçi, Pirəbədil, Alpan, Afurca,
Mollakamallı, Şahnəzərli, Qaraqaşlı və s. kəndlər aiddir. Bu mərkəzin
xalçaçılıq məktəbinə Dərbənd ərazisində toxunan xalçalar da daxildir.
Quba xalçaçılıq məktəbi özündə otuzdan artıq müxtəlif ornament
və koloritlərin kompozisiya həllini əks etdirir. Quba xalçaları, bir qayda
olaraq, naxış müxtəlifliyi və zəngin dekorativ kompozisiyası ilə fərqlənir.
Bu xalçaların kompozisiyası mürəkkəb həndəsi naxışlı, rəngləri ahəngdar
olur. Quba xalçalarının yelənində mürəkkəb təsvir yer alır və o, adətən,
xalçanın böyük hissəsini əhatə edir. Quba xalça məktəbinə müxtəlif
ölçülü xalçalar xasdır. “Alpan”, “Qonaqkənd”, “Alçagül-Çiçi”, “Qımıl”,
Pirəbədil”, “Herat-Pirəbədil”, “Zeyvə”, “Bilici”, “Uqax”, “Afurca”,
Orduc”, “Cimi”, “Qədim minarə”, “Sırt-Çiçi” kimi Quba xalçaları öz
rəng harmoniyası, kiçik nəbati təsvirlərin zərifliyi, toxunuşun incəliyi,
dəqiqliyi ilə göz oxşayır. Kataloqda yer alan “Sırt-Çiçi” xalçası Quba
xalçaçılıq məntəqəsi olan Sırt-Çiçi kəndində toxunmuşdur. Bu xalçanın
rəng həllində sürməyi, mavi, şəkəri, qırmızı çalarlar üstünlük təşkil edir.
Xovlu xalçalarla yanaşı, Quba xalça məntəqələrində sumax, palaz və s.
xovsuz xalçalar və xalça məmulatları da toxunur.