BAKI
Bakı xalçaçılıq məktəbi Abşeronun Novxanı, Nardaran, Bülbülə,
Fatmai, Mərdəkan, Qala, Xilə, Suraxanı və digər kəndlərini, həmçinin
Abşerondan kənarda yerləşən Xızı rayonu və ona daxil olan Qədi, Hil,
Keş, Fındığan və s. xalçaçılıq məntəqələrini əhatə edir. Bakı xalçalarının
əksəriyyəti toxunduğu kəndin adını daşıyır. Bakı xalçaçılıq məktəbinə “Xilə-
buta”, “Xilə-əfşan”, “Novxanı”, “Suraxanı”, “Qala”, “Bakı”, “Goradil”,
Fatmai”, “Fındığan”, “Qədi” və s. çeşnilər məxsusdur. Bütövlükdə, öz
texniki keyfiyyətlərinə görə Bakı xalçaları Quba və Şirvan xalçalarına oxşasa
da, bədii cəhətdən onlardan nəzərə çarpacaq dərəcədə fərqlənir. Bakı
məktəbinə aid xalçaların rəng koloritində ara sahənin yerliyi üçün, əsasən,
tünd göy, nadir hallarda isə qırmızı və sarı rənglərdən istifadə edilir. Bu
xalçalar daha yumşaq olması, rənglərinin intensivliyi, dekor elementlərinin
orijinallığı və naxışlarının incəliyi ilə seçilir. Xalçaların bəzəklərində həndəsi
formalı göllər, əyri xətli nəbati elementlər üstünlük təşkil edir. Məsələn,
kataloqda yer alan “Xilə Əfşan” xalçasının rapportlarının naxışları bir neçə
əlaqələndirici, tamamlayıcı, köməkçi elementin daxil olduğu spiralvari
xətlərdən əmələ gəlmişdir. “Əfşan” sözünün mənası “rəngarəng”, “səpilən”,
yayılan” deməkdir. “Əfşan” kompozisiyası yalnız Bakı, Quba, Şirvan
xalçalarında deyil, eyni zamanda Təbriz xalçalarında da istifadə edilir.
Kataloqda əks edilən “Xilə-buta” xalçasının adı toxunduğu kəndin,
Bakı şəhərinin şimal-şərqində yerləşən Xilə (indiki Əmircan) kəndinin adı ilə
bağlıdır. Bu xalçada Azərbaycan ornament sənətinin ən zəngin naxışlarından
olan, geniş xalq kütlələrinin ən sevimli elementi – “buta” təsvir edilmişdir.
Qədim zamanlarda buta motivi atəşpərəstlərin simvolik mənada istifadə
edilən element idi.
Bakı xalçaçılıq regionunda xovlu xalçalarla yanaşı, palaz, kilim, zili
kimi xovsuz xalçalar, eləcə də məfrəş, xurcun, çul, heybə, çanta və s. xalça
məmulatları da toxunur.