118
tənasübündən, muğam keçidlərindən, muğam artikulyasiyalarından danışmıram.
Elə cazla da o cür. Caz standartlarını, caz kvadratlarını mənimsəmədən, caz özülünə
malik olmadan birbaşa caz-muğam “kralı” adlanmağa iddia edirlər: agentlərlə,
prodüserlərlə, piar düzəldənlərlə birgə. Əslində isə “kral” çılpaqdır, caz-muğamın
yerinə isə zavallı yamsılama və karikaturadır”.
78
Cəmilin dediklərinə ancaq bunu
əlavə etmək olar: belə primitiv bir şəkildə caz-muğam çalmaq ona bənzəyir ki,
nəhəngin ayağına cırtdanın çəkməsini geyindirəsən.
Amma hər halda mən əminəm: köpük yatacaq, bulanıq durulacaq, “cırtdanları”
dalğa yuyub aparacaq, konyunktur ekzotikaya dəb dövrü qurtaracaq, hətta Qərb
tamaşaçısı belə “Şərq üslublu spekulyasiya”lardan bezəcək və zaman hər şeyi öz
qanuni-tarixi hücrələrinə paylaşdıracaq. Vaqifin bünövrəsini qoyduğu binanı ucalt-
maqda davam edəcəklər. Onun musiqisi yeni keyfiyyət və cizgilər qazanaraq, köhnə
məzmun və aspektləri yenidən dərk edərək, formal sxem və prinsipləri radikallaşdı-
raraq, yeni kontekst və mənalarla zənginləşərək nəsillərdən nəsillərə ötürüləcək. Bir
neçə istedadlı musiqiçi tərəfindən bu iş indinin özündə də görülür. Hərçənd məhz
bu bir neçə istedadlı musiqiçi bizim caz gələcəyimizi müəyyənləşdirir.
Sənətdə, yəqin ki elə həyatda olduğu kimi, çoxluq həmişə haqsızdır. O nəsnə ki,
həyatda əsasdır, fundamentaldır, onu təkcələr aşkarlayır və onlar yol açıb istiqaməti
müəyyənləşdirirlər. Musiqidə bu təkcələr, sadəcə, ayrılıqda götürülmüş Şəxsiyyətlər
deyillər: onlar o adamlardır ki, musiqi dünyasının məzmununu və ətrafımızda musi-
qili nə varsa, onu əks etdirirlər. Yalnız bu təkcələr musiqi sədalarından, ritmlərindən,
harmoniyalarından, melodiyalarından yararlanıb adicə gündəlik ehtiyac və
məqsədlərini yox, həm də ali və əbədi olanı ifadə etməyə qabildirlər. Və muğam
bu “əbədiliyə və ölməzliyə” ideal şəkildə uyğun gəlir. Çünki muğam uzunmüddətli,
ölcüyə sığışan, mediativ musiqidir. Və deməli, muğamın astagəl inkişafı içində, mu-
ğamın daxili amiranəliyi içində düşünmək, filosofluq eləmək, dəyişilməz və əbədi bir
nəsnədə diqqətini cəmləməklə rahatlığı tapmaq olar.
Əbədi və ölməz – bu, axı heç vaxt tamamlanmır və heç vaxt bitkin bütövcə olmur...
Bir dəfə müasir Azərbaycan cazının lideri Salman Qəmbərov çağdaş caz tendensi-
yaları barədə danışarkən belə bir fikir söylədi: “...cazda, və musiqidə ümumiyyətlə,
elə üslub ola bilməz ki, mütləq şəkildə tamamlanmış olsun, mütləq bütövcə olsun.
Əgər belə olsaydı, o zaman musiqidə bütün axtarışlar, bütün eksperimentlər daya-
nardı, inkişaf dialektikası aradan götürülərdi, ənənə, onun qorunması və ötürülməsi
gərəksiz olardı”.
79