135
Haçansa Vaqiflə ünsiyyətdə olub, onun bu və ya digər vəziyyətə reaksiyasını, emosi-
yalarını xatırlayıb, doğmalarının, əzizlərinin, dostlarının, həmkarlarını bu adamla iliş-
kili söylədiyi əhvalatları təhlilə çəkib belə bir fikrə gəlirsən ki, o, dünyanı yaxşılıq və
ya pisliklərdən kənarda qavrayırdı; daha doğrusu, qavrayırdı dünyanı olduğu kimi;
səmimiyyəti və yaxud yalanı dərk etməyə çalışmadan, uzaq-uzaq uzaqlarda sayrı-
şan mənaları çözməyə can atmadan qavrayırdı dünyanı; onu bugünkü halında, indiki
vəziyyətində qavrayırdı, daxili həyəcanlarının və ya şübhələrinin dışında qəbul edirdi
varlığı; nə həqiqət axtarırdı, nə də yanlış addımlar, səhvlər barədə fikirləşirdi. Dünya ilə
onun, bəlkə də sadəlövh, amma heç nədən asılı olmayan tam müstəqil münasibətləri
vardı. Belə münasibətlər yalnız o adamlarda olur ki, onlar bir dəfə həmişəliyə öz
həqiqətlərini tapıblar və bu həqiqətin içində bulunurlar... və bu həqiqətdən başqa on-
lara heç nə lazım deyil... və bu həqiqətdən başqa onlara heç nə maraqlı da deyil... Heç
nə... caz və muğamdan başqa...
Belə bir duyğu insana hakim kəsilirdi ki, Vaqifi, ümumiyyətlə, öz şəxsi uğuru az
həyəcanlandırır, ətrafındakı susub danmaq siyasəti onu az maraqlandırır, yaradı-
cılığının təsdiqi və ya inkarı onu az düşündürür. Elza Mustafazadə heyfsilənirdi
ki, “onun ulduz xəstəliyi yoxdu. Mənə elə gəlirdi ki, o öz qiymətini bilmir”.* An-
caq doğulduğu gündən Vaqifə bir şey məlum idi: insan həyatı o qədər qısa, o
qədər nakamildir ki, onu karyeraya, kiminləsə mübarizəyə, kiminsə paxıllığını
çəkməyə, dedi-qodulara, münasibətlərin aydınlaşmasına həsr etmək mənasızlıq
və bədxərclikdir. O, bütün ömrü boyu yalnız bir tək özünə bəlli anlayışlara
söykənərək hərəkət edirdi: bu isə Vaqifi həyatın axarına, anına, gündəlik qay-
dalarına tabe olmayan tam azad birisinə çevirirdi. Və yəqin heç ağlına da belə
gətirmirdi ki, dünyada ayrı dəyər və mənalar da ola bilər. Heç nə yoxuydu onun
üçün... caz və muğamdan başqa...
Onun yaradıcılq bioqrafiyası haqqında hətta deməzsən ki, bu bioqrafiya vəziyyətlərin
ziddinə, qurulmuş situasiyaların məntiqi əleyhinə mövcud olub. Çünki Vaqifin üzləşdiyi
vəziyyətlər sanki ona dəymirdi, ona toxunmurdu, onu əsəbiləşdirmirdi, özündən çı-
xarmırdı və Vaqif onların yanından sakitcənə ötüb gedirdi. Olsun ki, elə bu saymazlıq,
nədəsə, Vaqifi qoruyurdu, xilas eləyirdi və haradasa ona imkan verirdi ki, heç olmasa
qırx yaşınacan yaşasın. Axı hətta təbiətə də, təbii kataklizmlərdən və dəyişikliklərdən
sonra uzun bir müddət lazımdır ki, özünə gəlsin, yeni dayanıqlı formalar yaratsın,
onlar arasındakı yeni əlaqələri, münasibətləri qursun. İstedadlı adamı, tez sınan, tez
təsirlənən yaradıcı adamı balaca bir pislik, qəfil acı xəbər və ya qaba rəftar, ədalətsiz
addım xeyli müddət sıradan çıxara bilər.
*
Yazıçı Anar mənim anama danışıb
ki, “Şəhərin yay günləri” tamaşasının
musiqisini Vaqif bəstələmişdi. Premyera
ərəfəsi qəfildən aşkarlandı ki, musiqi
yazılmış bütün kasetlər itib. Lakin Vaqif,
incidilmiş dahi” pozasında dayanmaq
əvəzinə, yavaşca gülümsədi və ovqatını
pozmayıb dedi ki, nə olar, qorxulu
heç nə yoxdur, bir də yazarıq. Dedi və
elədi: bir gecəyə musiqini yazıb gətirdi.
Bakı” jurnalı. May, 2010, s.70.