174
Onların yaradıcılığının əsas paralelləri – həyatdan, bahardan, çiçəklərdən, təbiətdən,
işıq-kölgə oyunundan, rənglərin, sədaların, ritmlərin çeşid-çeşid çalarlarından həzz
almaq, kef anlamaq idi. Mənə elə gəlir ki, musiqişünasla sənətşünasın sözü bir yerə
qoyub Vaqif və Səttar haqqında birgə kitab yazmasının zamanı yetişib. (Hərçənd bir
on il, iyirmi il, otuz il öncə də bunun zamanı idi). Lakin əvvəlcə yaxşı olar ki, Səttarın
şəkilləri sərgi salonuna düzülsün və bütün zallarda Vaqifin musiqisi səsləndirilsin.
Onda aydın olar ki, niyə rəssamın ölümünə matəm saxlanıldı musiqiçinin evində,
sanki doğma, yaxın bir kimsəsi ölmüşdü Vaqifin. Həmin gün Mustafazadə fortepi-
anodan uzaqlaşmadı, elə hey çaldı: nələrisə gah çaldı Üzeyir bəydən, nələrisə mu-
ğamdan çaldı; hərdən özününküləri ifa elədi, hərdən Evansı; hərdən mahnılar tərəfə
üz tutdu, qəmli-qəmli dınqıldatdı şirmayı dilləri, hərdən isə Koltreynə müraciət etdi,
onunla özünü ovundurdu. Bir sözlə, bütün gününü fortepiano arxasında keçirdi.
Donetsk festivalında qələbədən və solo diskin yazdırılmasından sonra Mustafazadə
axır illərin, yəqin ki, çox mühüm bir arzusunu Tiflis festivalında gerçəkləşdirdi. Qızı
Əzizə böyüyürdü. Səkkiz yaşlı bir uşağın caz qavrayışı isə hətta caz dünyasının
hər üzünü görmüş Vaqifin özünü belə heyrətləndirirdi. Mustafazadə öz kiçik qızını
heç vaxt gətirməzdi festivala: o festivala ki, oraya caz avtoritetləri, – Pribaltika res-
publikalarından Tınu Naysoo (Uno Naysoonun oğlu), Vyaçeslav Qanelin, Saulyus
Şauçyulis, “Apelsin” qrupu, moskvalılar German Lukyanov öz “Kadans”ı ilə, Nikolay
Levinovski öz “Alleqro”su ilə, Kim Nazaretov Rostov biq-bəndilə, rus-eston dueti
Leonid Vitskeviç və Lembita Saarsalu, gürcülər Tamaz Kuraşvili, Dato Caparidze,
toplaşmışdılar; əgər öz uşağının qeyri-adi bacarığına yüz faiz əmin olmasaydı...
Bununla bərabər məsuliyyət hissinin gərginliyi qan təzyiqi kimi ora-bura hoppanır-
dı. Onun elə bir həyəcanı, elə bir ürək döyüntüləri, elə bir əhvalı vardı ki, sanki öz
şəxsi taleyi həll olunurdu. Necə həyəcanlanmayasan, necə nigaran qalmayasan,
əgər Tiflis festivalı ona məşhur Tallin festivallarını xatırlatmışdısa...
Doğrudan da, festival hamının rəğbətini qazanmışdı: rəğbətini qazanmışdı,
müxtəlif və bənzərsiz ifa maneraları eşitmiş tamaşaçıların; rəğbətini qazanmışdı
qonaqpərvərlik və dostcasına dəstəklə üzləşmiş iştirakçıların; rəğbətini qazanmışdı
yaxşı təşkilati işi və rəngarəng caz “menyu”sunu bəyənmiş jurnalistlərin; rəğbətini
qazanmışdı qəfil “cəm”lərdən və qarışıq tərkiblərdən zövq almış mütəxəssislərin və
caz bilicilərinin.
Bax, belə bir caz toplumunun gözü önündə səhnəyə çıxarmalı idi səkkiz yaşlı qız-
cığazı.
Vaqif Mustafazadə. “Caz kompozisiyaları”
(2
Val/1979/ Мелодия )