17
söhbətin, ayrıca tədqiqatın obyektidir. Biz indi yalnız onu vurğulamaq istəyirik ki,
Pərvizə qədər də, Quliyev orkestrinə qədər də Bakıda caz haqqında bilirdilər: özü də
sadəcə, ordan-burdan eşitməmişdilər, əsla; öz gözlərilə görmüşdülər qastrolçu caz
ifaçılarını, onları canlı-canlı dinləmişdilər. Və hətta özləri də caz çalmağa, caz ansamblları
təşkil eləməyə başlamışdılar.
Əgərsə daha dərinə gedib Azərbaycan Dövlət Arxivində “eşələnsək”, XX əsrin ilk
oniilliyini işıqlandırmış qəzetləri vərəqləsək, ciddi tamaşalardan, operalardan sərbəst
rəqslərə, varyetelərədək teatr və musiqi tamaşalarının bolluğu, rəngarəngliyi aşkar-
lanacaq. Özü də yüngül janr həvəskarlarının sayı tamaşaçıların böyük əksəriyyətini
təşkil eləyirdi ki, bu da o vaxtkı neft Bakısının sosial həyatının müxtəlifliyi, ziddiyyəti
üçün tam qanunauyğun bir şey idi. Məhz bu vəziyyət ora gətirib çıxarmışdı ki, XX
əsrin ilk illərində əyləncə sənayesi yetərincə yaxşı inkişaf etmişdi. Ona görə də şair
Vaqif Səmədoğlunun irəli sürdüyü – “Çox güman ki, Robert Nobel və onun qardaş-
ları Lüdviq ilə Alfred Bakıda caz dinləyiblər”
8
fərziyəsi haradasa heç də əsassız
deyil.
Mənim nəslimə Bakının hələ inqilabdan öncəki həyatını görmüş ağsaqqalları tanımaq,
onlarla danışmaq nəsib olmuşdu. Əgər bu insanların, – nənələrin, babaların, onların
dost və tanışlarının, musiqiçilərin, ədiblərin, sadəcə, köhnə rejim, Nikolay “çağırışı” zi-
yalılarının, – xatirələrinə istinad eləsək, onda bizə aydın olacaq ki, şəhərimizdə inqila-
ba qədər caza oxşar (çox ritmik, haylı-küylü, qeyri-adi, coşdurucu, təbillərin və nəfəsli
alətlərin qatışığında ifa edilən) nələrsə hər halda olub. Yəqin ki bu musiqi restoran
musiqisi olub, ekstravaqant rəqslər (fokstrot, tanqo, uanstep, tustep, şimmi ...) mu-
siqisi olub, ekzotik qastrolçuların ifa etdiyi caz musiqisi olub, məsələn, 1916-1918-ci
illərdə bakılıları əyləndirmiş Toqo mühaciri müəmmalı J.C.Nayo Bruce və onun “Toqo
truppa”sının çaldığı musiqi kimi.
Lakin Bakıda ilk caz olaylarını 1920-ci illərin əvvəllərinə aid etmək tarixilik baxımın-
dan daha düzgün sayılmalıdır. Burada mötəbər mənbə kimi yenə həmin Tofiq Quli-
yev götürülə bilər: çünki, bu adam hər zaman nəinki verdiyi qiymət və səciyyələrin,
söylədiyi xronoloji faktların, həmçinin öz xatirələrinin də dəqiqliyi ilə seçilirdi. O, bizim
caz tariximizdən danışarkən dəfələrlə deyib ki, birinci kərə “caz” sözünü eşitdiyi zama-
nı əla xatırlayır: “Mənim onda beş-altı yaşım vardı”.
9
Bəstəkarımızın doğum tarixinə, yəni 1917-ci ilə beş-altı il də əlavə etsək; gəlib çıxacaq
iyirminci illərin əvvəllərinə. Demək olar ki, ən etibarlı istinad yeri elə Tofiq Quliyevdir.