207
Məktəb məsələsi. İstiqamət məsələsi
Vaqif, sözün birbaşa mənasında, anlayışın adi yozumunda özündən sonra
məktəb qoymayıb. Bir də məktəbdə nə öyrənirlər: sistemi dərk etməyi,
əsasları mənimsəməyi, bu və ya digər metoda yiyələnməyi, müxtəlif
kompozisyon səviyyələri ayırıb təyin etməyi, melodiyanın, harmoniyanın və
ritmin funksiyalarını düzgün uyğunlaşdırmağı, caz formalarının qanunlarını
bilməyi, pedant kimi standartdan standarta, “sitədən sitəyə” gedib qayıtmağı,
mövzu üzərində quramalar yapmağı. Yaxşı, amma Vaqif anlayırdı ki, möhkəm
caz fundamenti olmadan heç bir caz novatorluğu mümkün deyil: “Çox güman
ki, başlayanda köhnə cazdan başlamaq lazımdır. İndi cavanların əksəriyyəti
cazı öyrənməyə təzə başlayan kimi “soxulurlar ” avanqarda və modernizmin
labirintlərində bir-iki addım atıb ilişirlər. Bir qayda olaraq irəliyə yol bağlanır:
məktəb yoxdur, dərin bilgilər yoxdur, cazın təbiəti də tanış deyil. Mən
ənənəvidən” başlamışdım”.
129
Düzdür, Mustafazadənin həyat və yaradıcılığı barədə nə qədər çox düşünürsən,
bir o qədər də çox anlayırsan ki, onun caz təfəkkürü bir elə də adi, ənənəvi caz
təfəkkürü olmayıb.
Vaqifi piano arxasında əyləşib mərhələ-mərhələ caz əlifbasını öyrənən bir halətdə
kim təsəvvürünə gətirə bilər: əvvəlcə, iyirminci illərin cazı, sonra suinq, daha sonra
bi-bop, sonra da kul və s. Ehtimal ki, onun caz dünyasına girişi
birdən
vertikal
olub. Bu vaxt fərq eləmir ki, nə nədir, yəni fərqləndirilmir üslublar, maneralar,
tendensiyalar: hər şey birdəfəyə və toplu şəklində qavranılır (və mənimsənilir).
Bütün caz müxtəlif hissələrdən toplanmış, hissə-hissə yığılmış xırdalanmayan bir
məbləğdir. Ona görə də Vaqifdən ötrü caz bölünməyən, parçalanmayan bir şey
idi, bütövcə idi: hətta o zaman ki Mustafazadə üçün onun üstün saydığı üslub
və ifa tərzləri (bop, kul, postbop, modal caz, Parker, Bill Evans, Monk, Koltreyn,
Piterson, Makkoy Tayner, Sesil Teylor, Əhməd Camal) müəyyənləşmişdi, o hər yeni
caz istiqamətini ayrıca bir nəsnə kimi yox, əvvəlkinin davamı və horizontal inkişafı
kimi yox,
bütün cazı,
cazın
bütün
axtarış və istiqamətlərini özündə görükdürən,
özündə güzgüləyən bir nəsnə kimi qəbul eləyirdi. Olsun ki, cazın ümumiləşmiş,
tam bütöv halına gəlmiş bir nəsnə kimi qavrayışı ona diktə eləyib öz fərdi sintetik
üslubunu. Bu elə bir fərdi üslubdur ki, burada təkcə üslub və maneralar arasında
deyil, həm də müxtəlif (həm də uzaq) musiqi janrları arasında fərqlər, sərhədlər,
çərçivələr sınır.