212
caz pianoçusu, vokalçısı, saksofonçusu, gitaraçısı və truba ifaçısı... çıxış edəndə
yaddaşımızda anındaca Vaqiflə bağlı, Vaqifin caz sənətində elədikləri ilə bağlı
çoxsaylı assosiasiyalar peyda olur. Hərçənd bu söylənənlər daha çox Azərbaycanın
caz pianoçuları Cəmil Əmirova, Salman Qəmbərova, Emil Əfrasiyaba, Şahin
Növrəsliyə, İsfar Sarabskiyə aiddir. Azərbaycan caz məktəbinin aparıcı
nümayəndələri sayılan bu sənətçilərdən hər biri fərdi şəkildə caz musiqisində
Vaqif xəttini davam və inkişaf etdirirlər.
Əgər Cəmil bütövlükdə etno-caz mühitində qərq olubsa, caz-rokla fyujn sərhədində
işləyirsə, Salman mürəkkəb çoxlaylı kompozisiyalara, harada ki, hər şey xırdalığına
qədər hesablanıb və hər bir muğam reçitasiyasına onun dəqiq funksional,
dramaturji və struktur yeri ayrılıb, üstünlük verir. Əgər Emilin muğam intonasiyasının
əlvan melodiya rəngarəngliyi onun çalğısının tərkib hissəsidirsə, Şahin caz-muğam
istiqamətinin ən aşkar davamçısı kimi müəllimindən uzağa getməyi qərara alır:
muğamı təkcə çalmır, həm də oxuyur. Bu nəslin ən gənc nümayəndəsi İsfardır:
özünün dinamik, impulsiv improvizələrində muğam melosundan bir intonasiya
təzadı kimi, bir gerçək millilik obrazı kimi yararlanır.
Bu musiqiçilərə minnətdar olaraq, onların Vaqif irsinə yaradıcı münasibətlərinə
minnətdar olaraq bugün muğam-caz anlamı xeyli genişlənir. Bu artıq həminki təmiz
klassik” caz-muğam deyil, gəlişmiş instrumental formadır. Elə bir forma ki, həm
klassik musiqi elementlərini, həm avanqard üsulları, həm postmodernist allyuziyaları,
həm minimal repetetivliyi, həm sonoristikanı, həm güclü elektron resurslarını, həm
bilgisayar texnologiyalarını özündə saxlayır. Yəni indi caz-muğam çox uyuşqan və
hərəki müasir musiqi strukturudur və bu strukturu öz şəxsi kompozisiya və ifaçılıq
fikirlərinə uyğun tərzdə dəyişmək olar.
Caz-muğam ənənəsini davam etdirmək üçün gərəkdir ki, güclü, erudisiyalı və
yaradıcılıq baxımından qeyri-adi şəxsiyyət olasan. Gərəkdir ki, həm muğamla,
həm də cazla nə baş verdiyini biləsən. Gərəkdir ki, hər yerə çatdırasan: muğam
və caz yeniliklərinin mərkəzində qərarlaşasan. Əgər bunların heç biri yoxdursa,
caz-muğamı asan şəkildə profanlaşdırmaq mümkündür, özfəaliyyət səviyyəsinə
endirmək mümkündür və ya ondan “Şərq bazarı” düzəltmək mümkündür. Hətta
bu işdən əməlli-başlı qazanmaq da olar: şükr ki, caz-muğamın ekzotik cazibəsi
istedadsızlığı belə ört-basdır eləyə bilir.