224
Qala divarlarının qoxusu gəlir. Bəlkə bu ona görə belədir ki, yenə də Vaqifgilin
evinə yaxınlaşanda yenə həmin mənzilin pəncərələrindən ritmlər, improvizlər
eşidilir: sanki Vaqif yenə hansısa bir proqramı hazırlayır, sanki yenə də kiminləsə
mübahisə eləyir, çalır, göstərir, izah edir, inandırır...
Bəlkə hər şey... heç nə ilə... müqayisəyə gəlməyən ana sevgisindədir, ananın
oğluna fədakar sevgisindədir, Zivər xanımın Vaqifə qarşı olan sevgisindədir?
Oğlunun ölümündən sonra Zivər xanım çalışıb nail oldu ki, Bakının musiqi
məktəblərindən birinə Vaqifin adı verilsin. O, Vaqiflə bağlı nə vardısa, hamısını
bitdə-bitdə toplayırdı: fotodan, diskdən, lent yazısından, məktubundan tutmuş
ta cırıq not vərəqlərinə, şəxsi əşyalaracan... Və tədricən, və tədricən... qiymətsiz
kolleksiya toplayırdı Zivər xanım və bu kolleksiyanı hökmən qoruyub saxlamaq
lazım idi gələcək nəsillər üçün.
Nə qədər kabinet, nə qədər məmur, nə qədər sərgərdanlıq, nə qədər
nigarançılıqdan keçdi Zivər xaım, bir onun özünə bəllidir. Əvəzində uzun sürən
bürokrat çək-çevirlərindən sonra alındı: 1989-cu ildə qərar qəbul edildi ki, Vaqif
Mustafazadənin İctimai-Memorial Muzeyi yaradılsın.
Binanı yenidən təmir elədilər və onun içində ananın illərlə topladığı kolleksiya
rahatcana yerləşdi, əməllicə ekspozisiya oldu. Və bu Ev-Muzeyin əvəzsiz
direktoru olaraq qaldı Zivər xanım... Oğlu üçün nə etmək mümkün idisə, onların
hamısını elədi bu qadın... düz ömrünün son dəqiqəsinə qədər... düz 1997-ci ildə
başının üstünü almış əcəl məqamına qədər...
Həyatının bütün işini sonda Zivər xanım etibarlı əllərə tapşırdı, inandığı, qayğıkeş
bir adama həvalə elədi. Zivər xanım bilirdi ki, onun qızları xaricdə yaşayır; bilirdi
ki, onlara muzeydə toplanmış Vaqif irsini qorumaq, Muzeyi idarə eləmək çətin
olacaq. Odur ki, Zivər xanım Ev-Muzeyin rəhbərliyini Vaqifin dayısı qızı Afaq
xanım Əliyevaya vəsiyyət elədi. Bu vəzifəyə ondan yaxşı namizəd tapmaq
olmazdı.
Hələ uşaqlıqdan Vaqif musiqisinə məftun-məftun gəzən Afaq onun musiqi
temalarının və improvizlərinin mühitində böyüyüb. İllər ötüşdükcə bu qadının
Vaqifə ehtiramı daha da artdı. O səbəbdən Zivər xanım onu çağırıb deyəndə ki,
bilirəm, Əzizə və Lalə indi uzaqdadırlar və bizim ölkədə bu işi davam etdirəcək
Afaq Əliyeva - V.Mustafazadənin
Ev-Muzeyinin direktoru