7
Prelüdiya
Əsrin dörddə biri qədər bundan əvvəl Vaqif Mustafazadə haqqında yazdığım balaca
bir monoqrafiyanı bu sözlərlə başlamışdım: “Onun kədəri, sevinci, düşüncəsi, fikri
caz və muğam idi. Caz və muğam idi onun iztirabları, xoşbəxtliyi. Şübhələri də
caz və muğamdan boylanırdı, özünütəsdiqi də. Həyatının odu-alovu, bir udum saf
havası idi caz və muğam”.
1
Yəqin ki improvizə Ustadı barədə yeni kitabı da yenə həmin tərzdə başlamaq olardı;
çünki bugün caz, muğam və Vaqif Mustafazadə sözləri daha sıx şəkildə bir-birinin
içinə hopub, nəinki hopub, bir-birilə qaynayıb qarışıb, vəhdətə gəlib, vahid olub.
Lakin zaman indi başqa zamandır: bu iyirmi beş ildə o qədər dəyişib ki həyat! Bax,
elə bu üzdən ayrı bir başlanğıc lazımdır kitaba. Tutalım, Lev Ginzburqun az qala
folklor deyiminə çevrilmiş şeiri tipli bir başlanğıc:
Hər şeyin öz vaxtı var:
vaxtı var yaşamağın,
əcəl də vaxt gözləyir;
giləmeyvə yığmaq da,
özünə dost tapmaq da,
ədavət aparmaq da,
var-dövləti yığmaq da
itirmək də vaxtladır.
Vaxtladır vidalaşmaq (və biz də gedəcəyik!)...
öz doğmaca evinə
qayıtmaq da vaxtladır.
Sülhün də, savaşın da
vaxtı var bu dünyada.
Vaxtı var yuxuların,
vaxt olur yuxu olmur.
Vaxtı gəldi həyatdan
nəticə çıxarmağın;
budur həyatın dərsi:
hər şeyin öz vaxtı var,
hər şeyin öz vədəsi.