3
Hörmətli oxucu,
Hər bir xalqın tarixi salnaməsi qələbə və məğlubiyyət, tərəqqi və tənəzzüllün əks
olunduğu səhifələrlə zəngindir. Və hər bir tarixi dövr ölkəsinin və ümumiyyətlə, bəşər
tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynayacaq nadir
şəxsiyyətlər yetişdirir. Azərbaycan üçün belə şəxsiyyətlərdən biri ömür səhifələri böyük
bir epoxanın aynası kimi ölkə tarixinin müəyyən bir dövrünü özündə əks etdirən Heydər
Əlirza oğlu Əliyev oldu.
2013-
cü il mayın 10-da Heydər Əliyevin 90 yaşı tamam olacaqdı. Bu gün o, bizimlə deyil.
Amma bizimlə olub-olmamasından asılı olmayaraq, bu illər ərzində həyata keçirdiyimiz hər
bir layihədə, əldə etdiyimiz hər bir uğurumuzda onun böyük payı vardır. Heydər Əliyev
bütün zamanlarda doğma xalqına və vətəninə sədaqətlə xidmət etmişdir. Məhz onun
uzaqgörənliyi və əzmkarlığı bugünkü günü mümkün etmişdir. Məhz onun sayəsində bizim
müstəqil Azərbaycan kimi qüdrətli dövlətimiz var.
Heydər Əliyevin dövlətimizin və xalqımızın qarşısındakı müstəsna xidmətlərini hətta
bir neçə nəşrə sığdırmaq mümkün deyil. Bu fotoalbom vasitəsilə ölkəsini dirçəltmək, qədim
xalqını öz torpaqlarının və tarixi irsinin həqiqi sahibinə çevirmək arzusu ilə yaşamış və bu
arzunu həqiqətə çevirmiş Heydər Əliyevin ömür salnaməsini diqqətinizə təqdim edirik.
Buradakı şəkillərin əksəriyyətini tarixi sənəd adlandırmaq olar. Albomun səhifələrində
Heydər Əliyevin uşaqlıq və yeniyetməlik illəri, Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı və ona rəhbərlik etdiyi, Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və Siyasi büronun üzvü, SSRİ
Nazirlər Sovetində Baş Nazirin müavini vəzifələrində çalışdığı illər, həyatının bəlkə də ən
çətin dövrü olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və, nəhayət, müstəqil
Azərbaycanın Prezidenti kimi fəaliyyəti əks olunmuşdur.