Fars dilindən tərcümə edən və şərhlərin müəllifi:
Hacı Rauf ŞEYXZAMANLI
Redaktor:
Nəsib GÖYÜŞOV,
filologiya elmləri doktoru
Elmi məsləhətçi:
Paşa KƏRİMOV,
filologiya elmləri doktoru
Təqdim olunan əsər Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun xəzinəsində Б-5006 şifri altında saxlanılan əlyazmanın əsasında
hazırlanmışdır. “Risalə dər musiqi” əsərinin müəllifi haqqında məlumatı əsasən mətnin özündən
əldə etmək mümkün olmuşdur. Əmirxan Kövkəbi Gürci Səfəvilər dövründə Gürcüstandan İrana
köçürülmüş sakinlərdən biri olub. İranda gənc yaşlarında Kövkəbi təxəllüsü ilə şeir yazmış,
sonradan isə Şah Sultan Hüseyn Səfəvinin sarayında mütrib olmuşdur. “Risalə dər musiqi”-ni
1696-
cı ildə ömrünün ahıl çağında, 78 yaşında İsfahan şəhərində tamamlamışdır. Tərcümə
zamanı istifadə edilən mətn 1789-cu ildə naməlum katib tərəfindən köçürülmüşdür.
Risalənin əlimizdə olan nüsxəsi dörd kiçik müstəqil hissədən ibarətdir. Burada ardıcıllığın
pozulması və çoxlu boşluqların olması (tərcümədə həmin yerlər sual işarəsi və ya nöqtələrlə
işarələnmişdir) mətni naqis kimi dəyərləndirməyə əsas verir.
Birinci hissə Şah Sultan Hüseynə ithaf olunmuş şeirlə başlayır, qalan mətn isə muğamın ayrı-
ayrı növlərinə xas olan ritmləri bildirən xüsusi düsturlardan və həmin ritmlər üstündə məşhur
şairlərin, o cümlədən müəllifin özünün də fars dilində yazdığı şeir parçalarından ibarətdir. Nəzm
nümunələrinin tərcüməsi zamanı ritmin özəlliklərinə riayət etməyin mümkünsüzlüyü bu hissənin
hazırkı nəşrdə yer almamasına səbəb olmuşdur.
Risaleyi-nəğəmat” (“Nəğmələr haqqında risalə”) adlı ikinci hissə musiqiyə həsr olunmuş 79
beytlik bir nəzm əsəridir. Nəşrdə onun tərcüməsi bütövlükdə öz əksini tapmışdır.
Musiqiyə demək olar ki, heç bir aidiyyəti olmayan, xalis nət şəklində yazılmış üçüncü hissənin
müasir oxucu üçün maraq kəsb etməyəcəyi nəzərə alınaraq nəşrdə verilməmişdir.
Nəhayət, dördüncü və ən əhəmiyyətli hissə müqəddiməni, 15 babı və xatiməni ehtiva edən, içində
musiqi nəzəriyyəsinin müxtəlif məsələlərindən bəhs olunan “Risalə dər musiqi”dir. Nəşrdə bu
hissənin tərcüməsi ixtisarsız verilmişdir.