3
Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb
edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci
xanım barəsində müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun
fəaliyyətini təfərrüatı ilə əks etdirən çoxsaylı materiallar nəşr olunub. Əsasən rəsmi
məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, zəngin daxili aləmi, insani
keyfiyyətləri barədə, fikrimcə, dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar
fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu
gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaq və
onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili
aləmini təqdim etmək istədim.
Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların
müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasını, valideyn qayğısından
məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi
olduğunu gördüm.
O, fəaliyyəti ilə Vətəni və xalqı sevməyi öyrədir, ənənələrin, zəngin mənəvi
dəyərlərin cəmiyyətdə möhkəmlənməsinə səy göstərir. Bu gün Mehriban xanımın
çoxşaxəli fəaliyyətinə nəzər salan hər kəs xeyirxah işlərin nə qədər vacib olduğunu
dərk edərək, həyatını bu prinsiplərə uyğunlaşdırmağa çalışır.
O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu
sevgi sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının
əzizi, doğma Mehribanıdır.
Anar Ələkbərov