əsla dəyişdirə bilməmişdir. Bu gün də muğam bir tərəfdən
keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son
dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır.
Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları
və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz
bir vəhdət, ahəngdarlıq təşkil edir.
Muğam zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapan bir
musiqidir. Muğam ifaçısı isə elə bil qədim sehrkarlıq ayininin
nəsillərdən-nəsillərə ötürücüsüdür. Bu zaman o, insanlara əbədi
həqiqətlər haqqında düşünmək və mənəvi rahatlıq tapmaq
imkanı yaradır. Xalqın mədəni-mənəvi irsinin ilkin kökləri
yaradıcı başlanğıc kimi həmişə ən böyük sirr olaraq qalır. Heç
bir nəzəriyyə bu yaradıcılığın ən incə çalarlarını belə olduğu
kimi çatdırmaq iqtidarında deyil. Yalnız muğam ifaçıları həmin
sirri fəhmlə duyaraq öz ifaları ilə bu sənətə həyat verməyə
qadirdirlər.
Azərbaycan klassik poeziyası parlaq fikir və obrazlarla
zəngindir. Bu poeziyanın rəmzlərlə dolu dili, qəzəllərin konteksti
yalnız Şərq fəlsəfəsini oxuyub dərindən mənimsəyənlərə agah olur.
Muğamlarda işlədilən qəzəllərin ecazkarlığını anlayıb duymaq
qabiliyyəti muğam ifaçılarında hələ uşaq yaşlarında ikən
formalaşır. Muğam ifaçılarının heç biri sizə ayrı-ayrı şairlərin nə