qədər qəzəlini əzbər bildiklərini dəqiq söyləyə bilməzlər. Lakin
müxtəlif mövzularla bağlı hər hansı bir fikri çatdırmaq zərurəti
yarananda onlar yaddaşlarındakı qəzəl misralarını bədahətən ifa
edirlər.
Muğam Azərbaycan bəstəkarlarının həmişə ilham mənbəyi
olmuş və hər zaman da belə olaraq qalacaqdır. Klassik muğamlar
əsasında yaradılan simfonik muğamlar Şərqdə də, Qərbdə də
böyük uğur qazanmışdır. Muğam aləmi yaradıcılıq axtarışları və
interpretasiyalar baxımından müasir bəstəkarlar üçün həqiqətən
geniş imkanlar açır.
Azərbaycanda həm solo ifada, həm də instrumental muğamlar
geniş yayılmışdır. İnstrumental muğam ifaçıları dəstəsi müxtəlif
ola bilər. İnstrumental muğamın zirvəsi solo ifadır. Muğam
oxuyanları Azərbaycanda ənənəvi olaraq xanəndə adlandırırlar.
Milli alətlərdə xanəndənin ifasını müşayiət edən dəstənin tərkibi
müxtəlif saylı olur: üçlükdən - tar, kamança, dəfdən tutmuş
bütöv bir orkestrə qədər.
Azərbaycanda bir neçə tanınmış muğam ifaçılıq məktəbi var.
Muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin
müstəqil məktəblərini yaratmış muğam yaradıcılığı mərkəzləri
kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Xüsusi
maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada