128
Adamlarla orta dost ol, dostlarının çoxluğuna bel bağlama, əsl
dost özünü hesab et, dalına və qabağına diqqətlə bax, dostlarının
etibarlılığına ümid edib arxayınlaşma, min dostun olsa belə, heç kəs
sənə özündən artıq dost ola bilməz. Dostu xoş və bəd gündə yoxla, xoş
gündə hörmətinə, bəd gündə isə köməyinə görə. Düşmənini düşmən
hesab etməyəni dost bilmə, elə adam tanış adlanar, dost sayılmaz.
Dostlarınla narazılıq vaxtlarında da xoş vaxtlardakı kimi rəftar et. O
adamı dost hesab et ki, onun da səni dost hesab etdiyinə əminsən.
Dosta dostluq xatirinə elə şey öyrətmə ki, bir vaxt düşmən olsa,
onun vasitəsilə sənə ziyan yetirə bilsin. Sonrakı peşmançılıq fayda
verməz.
Yoxsul olsan, dövlətli dost axtarma, çünki yoxsulu heç kəs sevməz,
xüsusilə dövlətlilər. Dostu özünə bab seç, varlı olsan, dövlətli dost
seçə bilərsən. Lakin dostluqda möhkəm ol, onda sənin də işlərin
möhkəm olar. Axmaq bir şey üstə dost səndən üz döndərirsə, onu geri
qaytarmağa çalışma, deməli ləyaqəti yoxdur.
Tamahkar dostdan qaç, onun dostluğu tamah üzündən olar, həqiqi
dostluq olmaz. Kinli adamlarla dostluq etmə, kinli adam dostluğa layiq
deyil, ürəyi həmişə kinlə dolu olan adamın qəlbinə dostluq daxil ola
bilərmi?!
Dost seçmək qaydalarını öyrəndin, indi də dünyada baş verən işlər,
yaxşılıq və pislik haqqında dinlə.
DOST SEÇMƏK VƏ ONUN QAYDALARI HAQQINDA