22
Amandır, ey oğul, namazı ələ salma, onun rükətlərinin və
səcdələrinin natamamlığına istehza etmə. Bu nə dinə yaraşar, nə
dünyaya.
Ey oğul, onu da bilməlisən ki, oruc ildə bir dəfə edilən itaətdir,
onu yerinə yetirməmək insafsızlıq olar. Ağıllı adamlar belə bir şeyi
özlərinə rəva görməzlər, gərək sən də görməyəsən. Orucluq ayı ifratsız
keçə bilmir, lakin sən çalış ifrata yol vermə. Gördün ki, beş mötəbər,
inanılmış üləma oruc tutub, sən də onlarla birlikdə oruc tut, onlar
oruclarını yeyəndə, sən də ye! Nadanların sözünə uyma, bil və agah
ol ki, Allah-Taalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc,
Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən
ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə,
bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən
gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını
görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı
olana çatsın.
Ey oğul, diqqətli ol ki, hamıya aid olan bu üç itaətdə ehmallıq
etməyəsən, çünki bu üç itaəti yerinə yetirməməyə heç bir üzr və
bəhanə yoxdur. Lakin yalnız varlılara aid olan iki itaətdə üzrlü səbəb
olduqda ehmallıq etmək mümkündür. Bu barədə çox danışmaq olar,
lakin zəruri nə vardısa, hamısını dedim.
NEMƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA