40
olma, özləri haqqında böyük fikirdə olanlar həmişə peşmançılıq çəkərlər.
Başqaları ilə məsləhətləşməyi özünə əskiklik hesab etmə, ağıllı qocalar
və sınanmış dostlarla məsləhətləş. Bütün hikmət və peyğəmbərliyinə,
müəlliminin və işlərini sahmana salanın Allah-Taalanın Özü olmasına
baxmayaraq, Allah yenə də Muhammədə (s.) bununla kifayətlənməyə
razılıq verməmiş və “işlərində onlarla məsləhət et” demişdir. Demiş
ki: “ya Muhamməd, öz əshabə və dostlarınla məsləhət et, çünki sizdən
hərəkət, Allah olduğum üçün isə, Məndən bərəkətdir”.
Bilməlisən ki, bir adamın rəyi iki adamınkı kimi ola bilməz, bir göz
iki gözün gördüyünü görə bilməz. Görmürsənmi, təbib xəstələndikdə
və xəstəliyi şiddətləndikdə, nə qədər güclü həkim olur olsun, yenə də
özü ilə kifayətlənməyib başqa bir həkimi çağırar, onun məsləhəti ilə
müalicə olunar.
Yaxın bir adamın sənə işi düşsə, ona kömək etməyə çalış, rəqib və
düşmənin olsa belə, yardım əlini və malını ondan müzayiqə etmə. İşi
düzəlsə, etdiyin kömək onun sənə qarşı məhəbbətini artırar və ola bilər
ki, o düşmən dönüb dost olsun. Görüşünə gələn söz ustalarına hörmət
edib onlara bəxşiş ver ki, sənin görüşünə həris olsunlar (yəni tez-tez
gəlsinlər). Adamların ən yazığı odur ki, alim olsa da, heç kəs onun
görüşünə getməsin.
Camaat ilə mehriban danış və qaşqabağını turşutma. Qaşqabaqlı
adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa belə,
qaşqabağını tökdükdə onun nə hikmətində hikmətlik qalar, nə də
sözündə gözəllik. Xülasə, bil ki, danışmağın qaydası necədir və nədir.
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA