52
Sonra demişdir: „Ən nadan adam odur ki, kiçiklikdən böyüklüyə
çatana yenə də kiçik kimi baxa“.
Sonra demişdir: „Biri bilmədiyi şeyin doğruluğunu iddia edib sonradan
onun yalan olduğunu etiraf edirsə, bundan böyük rüsvayçılıq olmaz „.
Sonra demişdir: „Ən səfeh adam odur ki, nağdı nisyəyə dəyişə“.
Sonra demişdir: „Ən alçaq adam odur ki, birinin ona ehtiyacı ola,
onun isə imkanı olduğu halda kömək etməyə“.
Sonra demişdir: „İstəyirsən ki, ədalətlilər sırasında adın çəkilsin,
sənə tabe olanları imkanın daxilində yaxşı saxla“.
Sonra demişdir: „İstəyirsən ki, sənin adını nəciblər sırasındaçəksinlər,
tamahkar olma və tamahkarlığı yaxına buraxma“.
Sonra demişdir: „İstəyirsən qara camaat səni pisləməsin, onların
işini təriflə“.
Sonra demişdir: „İstəyirsən ürəklərdə özünə yurd salıb seviləsən və
xalq sənə nifrət etməsin, xalqın xeyrinə danış“.
Sonra demişdir: „İstəyirsən ki, xalq arasında ən yaxşı və ən
bəyənilmiş adam olasan, özünə məsləhət bilmədiyini başqalarına da
məsləhət görmə“.
Sonra demişdir: „Adamların ən yaxşısı olmaq istəyirsənsə, heç şeyi
xalqdan əsirgəmə“.
Axırda demişdir: „İstəyirsən ki, dilin uzun olsun, əlini gödək et“.
Nuşirəvan Adilin öyüd və nəsihətləri bunlardan ibarətdir. Ey oğul,
oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm hikmət iyi gəlir,
həm hökmdarlıq, çünki bunlar həm həkimlərin (hikmət sahiblərinin)
sözüdür, həm hakimlərin. Bunların hamısını öz malın et. İndi nə qədər
ki cavansan, öyrən, qocalanda qulaq asmaq istəməyəcəksən. Çünki
qocalar elə şeylər bilərlər ki, onları cavanlar bilməzlər.
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN XATIRLADILMASI HAQQINDA