Muzey

Azərbaycanın dahi oğlu, bugünkü müstəqil dövlətin memarı Heydər Əliyevin adını daşıyan Fonda gələn hər bir kəsin diqqətini ən çox cəlb edən bu fenomen şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzeydir.


Muzeyin ilk eksponatı - ümummilli liderimizin iş otağından götürülmüş Naxçıvandakı məşhur "İlandağ"ın fotoşəkli onun Vətən sevgisinin, Azərbaycan torpağına ülvi bağlılığının daha bir təsdiqidir. Göylərə dikələn sal qaya-dağ böyük şəxsiyyətin özünün dağ vüqarı ilə həmahənglik təşkil edir.


Dahi rəhbərin anası İzzət xanım Əliyeva ilə birgə şəkli, atası Əlirza Əliyevin şəkli, uşaqlıq illərinə aid fotolar, məktəbi yalnız "əla" qiymətlərlə, Naxçıvan Pedaqoji Məktəbini tərifnamə ilə, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini "əla" qiymətlərlə bitirməsinə dair sənədlər ötən illərin yadigarı kimi böyük maraq doğurur.


Respublikamızın Dövlət Təhlükəsizliyi Komitəsinə, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrləri, ölkəmizin müxtəlif bölgələrində əməkçi insanlarla görüşləri əks etdirən fotolar yorulmaq bilmədən çalışan rəhbərin canlı obrazını yaradır. Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin lentə alındığı fotolar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən xəbər verir. Bu fotoşəkillərdə Mirzə İbrahimov, Rəsul Rza, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Mstislav Rostropoviç, İhsan Doğramacı, Xulio İqlesias, Müslüm Maqomayev, Tamara Sinyavskaya, Lütfiyar İmanov, İmran Qasımov və neçə-neçə görkəmli insanları görürük.


Heydər Əliyev Moskvada Sov.İKP.MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə nəhəng sovet dövlətinin həyati əhəmiyyətə malik bir çox sahələrinə rəhbərlik edirdi və təkcə ittifaqda deyil, dünyada nüfuzlu dövlət xadimi kimi tanınırdı. Məşhur Baykal-Amur magistralının tikintisinə də bilavasitə o, rəhbərlik edirdi. Eksponatlardan göründüyü kimi, BAM-da birinci sərnişin qatarının ilk fəxri sərnişini də məhz Heydər Əliyev olmuşdur.


Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrə aid şəkillər isə düşmənlə üz-üzə, blokada şəraitində yaşayan diyarın problemlərinin həlli ilə bağlı gərgin fəaliyyəti əks etdirir.


Ulu öndərin xalqımızın təkidli tələbi, israrlı çağırışları ilə yenidən Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı da fotoobyektivin gözü ilə tarixin yaddaşına köçürülmüşdür. Xalq dahi rəhbərini sonsuz sevinclə qarşılayır, xilaskarlıq missiyası başlanır.


Dünyanın ən böyük dövlətlərinin rəhbərləri ilə keçirilmiş rəsmi görüşləri əks etdirən fotoşəkillər türk dünyasının dahi oğlunun Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması sahəsində ardıcıl, məqsədyönlü siyasətinin həyata keçirilməsinin ayrı-ayrı anlarından xəbər verir.


Muzeydə ümummilli liderimizin yaşadığı mənzildəki iş otağından eynilə gətirilmiş avadanlıq, əşyalar da nümayiş etdirilir: Azərbaycan və dünyanın xəritəsi, masa, kreslo, stolüstü lampa, təqvim, qələmdan, gülqabı..., sədaqətli ömür-gün yoldaşı, məşhur oftalmoloq həkim, akademik Zərifə xanımla, istəkli nəvəsi Heydərlə, uzun illərin əziz dostu Süleyman Dəmirəllə çəkilmiş fotoşəkillər.


Fonda gələn dövlət və hökumət başçılarının, tanınmış şəxsiyyətlərin ürək sözləri yazılmış Xatirə kitabı, böyük öndərə verilən hədiyyələr, o cümlədən müəllifi olduğu neft strategiyasının həyata keçirilməsi çərçivəsində tikilmiş nəhəng "Lider" və "Qurtuluş" qazma qurğularının maketləri böyük maraq doğurur.


Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərin əsil qiymətini tarix verəcəkdir. Lakin indinin özündə də bu sahədə müəyyən işlər görülmüş, xeyli kitablar yazılmışdır. Muzeydə bunların bir qisminin müxtəlif dillərdə nəşr olunmuş nüsxələri ilə də tanış olmaq mümkündür.


Bir sözlə, muzeydə toplanmış fotoşəkillər, ayrı-ayrı eksponatlar Azərbaycanın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin indiki və gələcək nəsillərə örnək olan əfsanəvi ömür yolunun yalnız bəzi məqamlarını əks etdirsə də, bunlarla tanışlıq Böyük Azərbaycanlının şəxsiyyətinin miqyası haqqında lazımınca təsəvvür yaradır. Şübhəsiz ki, muzeyin eksponatları daha da zənginləşdiriləcək və buraya gələn hər bir kəs Heydər Əliyev fenomenini daha dərindən dərk edə biləcəkdir.


Paylas: