Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi

  • Layihə
  • Foto


Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Bu məqsədlə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi yaradılıb. 2010-cu il oktyabrın 5-də Prezident İlham Əliyev Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.


Əlil insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramının birgə layihəsi əsasında həyata keçirilmişdi və layihə çərçivəsində kor və zəif görən uşaqlar üçün Respublika internat orta məktəbində müvafiq mərkəz yaradılmışdı.


Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub. Mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompyuter salonu fəaliyyət göstərir.


Mərkəzdə hərəsində 24 kompyuter olan 2 kompyuter otağı və 12 kompyuterdən ibarət tədris otağı fəaliyyət göstərir. Kor və zəif görənlər üçün kompyuterlərə Brayl displeyi, “VideoLight” böyüdücü cihazı quraşdırılıb. Brayl displeyi görmə qabiliyyətini itirmiş insanların internetdən istifadə etməsinə tam şərait yaradır. Displeyin vasitəsilə istifadəçi həm monitordakı informasiyanı əldə edə, həm də informasiyanı ora əlavə edə bilir. “Videolight” böyüdücü cihazı vasitəsilə istənilən informasiyanı lazımi qədər böyütmək olar. Kor və zəif görən insanlar “Kitab həvəskarı - kompakt” oxu maşınının imkanlarından istifadə edə bilərlər. Bu qurğunun vasitəsilə Azərbaycan, türk, ingilis, rus və s. dillərdə istənilən kitabı səsləndirmək olar.


Əqli cəhətdən zəiflər üçün yaradılan intellektual oyunlar otağındakı kompyuterlərə zehni inkişaf etdirən oyunlar daxil edilib. Mərkəzin kitabxanasında görmə qabiliyyətini itirmiş insanlar üçün 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitab və həmçinin zəif görən insanlar üçün böyük şriftlə nəşr olunmuş kitablar vardır. Mərkəzdə yaradılan audiostudiyanın yardımı ilə kitabxana audiokitablarla təmin ediləcəkdir.


İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılıb. Kinozalda lal və karlar üçün subtitrlə olan filmlərin nümayişi nəzərdə tutulub. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradır.


Mərkəzə əlil arabası ilə daxil olmaq və maneəsiz hərəkət etmək üçün şərait yaradılıb. Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılıb, istirahət guşələri salınıb.


Mərkəzin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə biləcəklər. 



Paylas:

01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg