FOND-DGK KOLLEKTIV-ZIYARAT.JPG
9 dekabr 2010

Dövlət Gömrük Komitəsinin əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları dekabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar.


Gömrükçülərə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiramın ifadəsi kimi yaradılan Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etmək, ulu öndərin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, respublikamızın mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

 

Qeyd edilmişdir ki, Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir. Öz şərəfli ömür yolunu bütünlükdə doğma Vətəninin möhkəmlənməsinə və şöhrətlənməsinə həsr etmiş ümummilli liderin dövlətçiliyə sonsuz sədaqəti sözün həqiqi mənasında nəsillərə örnəkdir. Ulu öndərin müxtəlif dövrlərdə respublikamıza rəhbərlik etdiyi illəri əks etdirən fotolar və eksponatlar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırır.

 

Qonaqlar Fondun sərgi və ekspozisiyası ilə tanış olmuşlar. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq doğurmuşdur.

 

Azərbaycanın hərbi qüdrətinin artması, ölkəmizdə ordu quruculuğunun yüksək səviyyəyə çatdırılmasında ulu öndərin misilsiz xidmətləri haqqında ətraflı məlumat verilərkən qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin şəxsi heyəti də ümummilli liderin ətrafında sıx birləşərək dövlətçiliyin qorunmasına böyük töhfələr vermişdir.

 

Gömrükçülər Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, musiqimizin şah əsəri olan muğamın, eləcə də Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətində Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar, disklər, albomlar, eləcə də uşaqlar üçün hazırlanmış dərs vəsaitləri ilə tanış olmuşlar.

 

Sonra kollektivə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur.

 

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar.


FOTO