FOND-ICHARISHAHAR KOLLEKTIV-ZIYARET.JPG
10 dekabr 2010

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin kollektivi Heydər Əliyev Fondunda olub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin kollektivi dekabrın 10-da Heydər Əliyev Fondu ilə tanış olmuşdur.


Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Fondun əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsindən, Azərbaycanın tərəqqisinə yönələn genişmiqyaslı layihələrin həyata keçirilməsini dəstəkləməkdən, Azərbaycan mədəniyyətinin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.


Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur. Xalqımızın tarixi dəyərlərinin öyrənilməsinə və qorunmasına hər zaman diqqət yetirən ümummilli lider Heydər Əliyev daim dilimizi, adət-ənənələrimizi, ululardan bizə miras qalmış tarixi sərvətlərimizi yad təsirlərdən qorumuşdur.

 

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

 

Orta və ali məktəbləri yalnız “əla” qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamələr, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

 

Kollektivə Heydər Əliyev Fondunun Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, milli musiqimizin incisi olan muğamın və ölkəmizlə bağlı həqiqətlərin təbliğ olunması istiqamətində nəşr etdirdiyi kitablar, disklər, albomlar, eləcə də uşaqlar üçün hazırlanmış dərs vəsaitləri nümayiş etdirilmişdir.

 

Sonra qonaqlar ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən “Böyük ömrün anları” filminə baxmışlar.

 

Fondla tanışlıq kollektivdə xoş təəssürat oyatmışdır.


FOTO