HAF-YEVLAX ICTIMAIYYAT-ZIYARAT.JPG
11 dekabr 2010

Yevlax rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunda olublar

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anma günü ilə əlaqədar Yevlax rayon ictimaiyyətinin nümayəndələri dekabrın 11-də Heydər Əliyev Fondunda olmuşlar.


Bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etmiş, müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını bildirmək üçün Fonda gələn qonaqlara qurumun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

 

Qonaqlar Fondda Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

 

Qeyd edilmişdir ki, hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizin çiçəklənməsinə, respublikamızın bütün sahələr üzrə tərəqqisinə çalışan dahi şəxsiyyət rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirmişdir. Məhz ulu öndərin hakimiyyəti illərində Yevlax rayonu ölkəmizin çiçəklənən guşələrindən birinə çevrilmişdir.

 

Yevlax rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Fondunun Azərbaycanda elmin, təhsilin, mədəniyyətin, musiqimizin, eləcə də Dağlıq Qarabağ həqiqətlərinin təbliği istiqamətində nəşr etdirdiyi kitablarla, disklərlə, albomlarla, eləcə də uşaqlar üçün hazırlanmış dərs vəsaitləri ilə tanış olmuşlar.

 

Sonda qonaqlar ulu öndərin həyat və fəaliyyəti haqqında “Böyük ömrün anları” filminə baxmışlar.