HAF-ZAQATALA-NUMAYANDA-ZIYARAT .JPG
6 may 2011

Zaqatala rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyev Fondunda olub

Zaqatala rayonunun bir qrup nümayəndəsi mayın 6-da Heydər Əliyev Fondunda olmuşdur.


Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

 

Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

 

Fond elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablar qonaqlarda böyük maraq doğurmuşdur.

 

Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, iş otağındakı əşyalar qonaqlarda zəngin təəssürat yaratmışdır.

 

Fondla tanışlıqdan sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş olunmuşdur.


FOTO