HAF-AMEA-KITABXANA-ZIYARAT.JPG
5 may 2011

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Heydər Əliyev Fondunda olublar

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar.

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.


Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu böyük şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

 

Fond elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə genişmiqyaslı layihələr həyata keçirir. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.

 

Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş yadigar fotolar, iş otağındakı əşyalar qonaqlarda zəngin təəssürat yaratmışdır.

 

Fondla tanışlıqdan sonra kitabxananın əməkdaşları dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filminə baxmışlar.

 

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.


FOTO