litva-xocali-film--sonu_olmayan_dahliz.jpg
24 fevral 2013

Vilnüsdə “Sonu olmayan dəhliz” filminin təqdimatı keçirilib

Litvanın böyük kinoteatrlarından olan “Vinqisdə” Xocalı faciəsi ilə bağlı ictimaiyyət üçün fərdi təhqiqat aparan litvalı və skandinaviyalı rejissorların hazırladığı “Sonu olmayan dəhliz” (“Endless corridor”) sənədli filminin təqdimatı keçirilib.


Bu ekran əsəri xarici rejissorların Xocalı mövzusu ilə bağlı çəkdikləri ilk sənədli filmdir.


Təqdimat mərasimində Litvanın aparıcı KİV-lərinin nümayəndələri, parlamentin deputatları, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfiri Həsən Məmmədzadə və tanınmış kinematoqrafçılar iştirak ediblər.


Mərasimi açan rejissor Mindaqus Urbanoviç deyib: “Biz çalışdıq ki, avropalı tamaşaçılara Qarabağ müharibəsinin ən dəhşətli səhifəsini – təəssüf ki, Qərbdə az tanınan Xocalı faciəsini göstərək”.


Filmin prodüseri Andryus Brokas isə filmin üzərində 3 ildən çox işlədiklərini xatırladıb: “Bu müddət ərzində yaradıcı qrupumuz Ermənistandan qovulması faktı da daxil olmaqla bir çox çətinlikləri dəf edib. Amma bütün bunlara baxmayaraq, işimizi yekunlaşdıra bildik”.


Ekran əsərinin nümayişi xüsusi olaraq film üçün bəstələnmiş rekviyemin canlı səslənməsi ilə başlayıb.


Ekran əsəri erməni hərbi hissələri tərəfindən işğal olunmuş və məhv edilmiş Xocalı şəhəri ilə bağlı tədqiqatdan ibarətdir. Filmdə həmin dəhşətli gecədə möcüzə nəticəsində xilas olmuş iki Xocalı sakininin taleyindən də bəhs edilir. Bu filmin siqnal versiyasının təqdimatı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının dəstəyi ilə Bakı və Moskva şəhərində keçirilib.


“Xocalıya ədalət” beynəlxalq kampaniyası 2008-ci il mayın 8-də, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciəyə siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.