file1330499780918.jpg
27 fevral 2012

Tallinndə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib

Fevralın 27-də Tallinn şəhərinin mərkəzindəki “Swissotel”-də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.


Tədbirdə Avropa Parlamentinin üzvü İ.Tarand, AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel, Estoniya-Azərbaycan parlament qrupunun sədri E.Əfəndiyev, Estoniya Parlamentinin üzvləri, Estoniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, ölkədə insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan icmasının, habelə digər milli icmaların nümayəndələri, yerli kütləvi informasiya vasitələri, ali təhsil müəssisələrinin tələbələri, Tallində akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbər və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin deputatları F.Muradov və S.Qafarova, Diasporla İş üzrə Dövlət Komitəsi Avropa şöbəsinin müdiri İ.Məmmədov və səfirliyin əməkdaşları iştirak etmişlər.


Tədbirin əvvəlində eston-lüteran kilsəsinin baş yepiskopu A.Piter Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmiş və onların xatirəsinə dua oxumuşdur.


Daha sonra tədbirdə çıxış edən Estoniyanın sabiq prezidenti A.Rüytelin müşaviri Y.Kann A.Rüytelin səhhətində problemlər olduğu üçün gələ bilmədiyini bildirmiş və onun müraciətini çatdırmışdır. O, müstəqillik yolunda apardığı mübarizədə Azərbaycan ilə Estoniya arasında tarixi paralel olduğunu bildirmiş, Azərbaycanın təcavüzə məruz qaldığını vurğulamışdır. O, Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş cinayətlərin qəbuledilməzliyini nəzərə çarpdıraraq cinayətkarların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirmişdir.


İ.Tarand çıxışında Xocalı faciəsi kimi cinayətlərin müasir dünyada qəbuledilməzliyini və bu qətliamı törədən şəxslərin cəza alacaqlarına ümidvar olduğunu qeyd etmişdir.


Tədbirdə əsas məruzəçi qismində çıxış edən AŞPA Monitorinq Komitəsinin sədri A.Herkel Azərbaycana səfərlərindən xoş təəssüratlarını bölüşərkən Azərbaycanın zəngin mədəniyyətə və tarixə malik olduğunu, Azərbaycan xalqının böyük millət olduğunu söyləmişdir. A.Herkel Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışarkən SSRİ dağılarkən sovet məkanında yalnız Ermənistanın təcavüzə əl atdığını qeyd etmişdir. O, Estoniya ictimaiyyətinin Azərbaycan xalqının Xocalı faciəsi ilə bağlı hisslərini bölüşdüyünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun inkişafı üçün vacib amil olduğunu diqqətə çatdırmışdır.


Milli Məclisin deputatı F.Muradov “Xocalı soyqırımı beynəlxalq qanunvericilikdə” məruzəsi ilə çıxış etmişdir. Deputat Xocalı soyqırımının hüquqi aspektlərinə toxunmuş və Xocalı faciəsinin soyqırımı kimi tanınmasına bütün əsasların mövcudluğunu tədbir iştirakçılarının nəzərinə çarpdırmışdır.


Milli Məclisin deputatı S.Qafarova çıxışında hərbi cinayətkarların qurbanı olmuş uşaq və qadınların işgəncələrə məruz qaldıqlarını və Xocalı soyqırımı törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulamışdır.


Tədbirə yekun vuran səfir T.Zülfüqarov demişdir ki, Xocalı faciəsini törətmiş şəxslər Beynəlxalq Tribunal qarşısında cavab verənədək insanlığa qarşı törədilmiş cinayət davam etməkdədir. Səfir Azərbaycan xalqı ilə həmrəyliyinə görə Estoniya ictimaiyyətinə təşəkkürünü etmiş və bildirmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyaya Estoniya ictimaiyyətinin qoşulması iki ölkə arasındakı yüksək münasibətləri əks etdirən əlamətdar hadisədir.


Tədbirdə Xocalı soyqırımı haqqında xüsusi olaraq hazırlanmış “Justice call” filmi nümayiş etdirilmiş və sərgi təşkil olunmuşdur. Tədbir iştirakçılarına Xocalı soyqırımına aid Heydər Əliyev Fondunun hazırladığı materiallar paylanmışdır.


Bununla yanaşı, fevralın 25-26-da Estoniyada fəaliyyət göstərən “Tallinna TV” və “TVN” telekanallarında Azərbaycan haqqında 1 saatlıq film nümayiş etdirilmişdir.


Tədbirin Estoniya KİV-lərində geniş işıqlandırılması nəzərdə tutulur. 



FOTO