11_MEHRIBAN-XANIM-ALIYEVA-YUNANISTAN-MADANIYYAT-GUNLARI.jpg
27 sentyabr 2014

Afinada Azərbaycan mədəniyyəti günləri başlayıb

Sentyabrın 27-də Afinada Azərbaycan mədəniyyəti günlərinə start verilib.

 

Mədəniyyət günləri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.

 

Mədəniyyət günləri Afinanın beş min tamaşaçı tutumu olan “İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə konsertilə başlayıb.

 

Konsertdə Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.

 

Tədbirin aparıcısı mərasim iştirakçılarına Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqda məlumat verib. O bildirib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir, mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Aparıcı tədbirin Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıdığını söyləyib.

 

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev iki ölkə arasında münasibətlərdən danışıb. Səfir bu tədbirin Azərbaycanın Yunanıstanda daha yaxşı tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib, bu işə verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Çıxışlardan sonra konsert olub. Konsertdə Afina tamaşaçılarının qarşısına Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar. Konsertdə muğam da səslənib.


FOTO

VİDEO