21.jpg
9 iyul 2015

Heydər Əliyev Fondu “Milan Expo 2015”də Azərbaycan “Milli gün”ü çərçivəsində konsert proqramı təşkil edib

İyulun 9-da “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının çıxışı olub.

 

“Milan Expo” ərazisindəki Auditorium zalında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə keçirilən konsert proqramında xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, əməkdar artistlər Afaq Abbasova, Nigar Şabanova, gənc skripkaçı Elvin Qəniyev çıxış ediblər.

 

Sonra konsert proqramı Azərbaycan milli pavilyonu qarşısında “Natiq” ritm qrupunun ifasında milli ritmlərin təqdimatı ilə davam edib. Burada, həmçinin xalq artisti Afaq Məlikovanın bədii rəhbərliyi ilə Dövlət Rəqs Ansamblının çıxışı olub.

 

Azərbaycan musiqisi və rəqsləri pavilyona gələn yüzlərlə ziyarətçinin böyük marağına səbəb olub. Meydana toplaşanlar da milli musiqi sədaları altında rəqs ediblər. Ziyarətçilər, eyni zamanda, pəhləvanlarımız - Haldun Loğmanov və Seyhun Loğmanovun çıxışını izləyiblər.

 

Burada həmçinin xanəndələr Arzu Əliyeva və İlkin Əhmədovun ifasında muğam musiqimizin təqdimatı olub.

 

Pavilyonun terrasında təşkil olunan muğam gecəsində qonaqlar Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadmaq imkanı da əldə ediblər.

 

Pavilyondakı “IDEA-Biomüxtəliflik parkında” quraşdırılan monitorda izləyicilərə Azərbaycan haqqında və ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunları barədə videoçarxlar nümayiş etdirilib.

 

Milli pavilyonda Azərbaycan mədəniyyətinin təqdimatına həsr olunan proqramda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, “Milan Expo 2015”də təmsil olunan digər ölkələrin pavilyonlarının nümayəndələri, İtaliyanın ictimai xadimləri iştirak ediblər.

 

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaradılmış Azərbaycan pavilyonu “Milan Expo 2015” sərgisi çərçivəsində mayın 1-dən fəaliyyət göstərir. Azərbaycan pavilyonu “Milan Expo2015” sərgisinin ən ilkin hazırlanmış və ən çox ziyarətçi qəbul edən pavilyonlarından biridir. Azərbaycan milli pavilyonuna mayın 1-dən etibarən 1 milyondan çox ziyarətçi gəlib.


FOTO