Azərbaycanın təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə 2014-cü il sentyabrın 27-28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan mədəniyyəti günləri keçirilib.
Bu məqsədlə Afina şəhəri Azərbaycanın təqdimat banerləri ilə bəzədilib, şəhər küçələrindəki monitorlarda müxtəlif videoçarxlar nümayiş etdirilib.
Xeyriyyə konserti
Mədəniyyət günləri sentyabrın 27-də Afinanın beş min tamaşaçı tutumu olan “İrodio” Teatrında xeyriyyə konsertilə başlayıb. Xeyriyyə konserti Yunanıstanda təhsilə dəstək layihəsinə yardım məqsədilə Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçirilib.
Konsertdə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxış ediblər.
“Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı
Sentyabrın 28-də Afinadakı “Akropol” muzeyində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkilləri, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimindən sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.