1.JPG
10 fevral 2013

Londonda “YARAT!” Müasir İncəsənət Məkanının sərgisi keçirilib

Fevralın 10-da Londondakı “Christie`s” hərrac evində Heydər Əliyev Fondunun dəstəyi, hərrac evinin və “YARAT!” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə müasir incəsənət nümunələrinə xüsusi baxış və ziyafət gecəsi keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirak etdiyi gecədə Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu şəxsləri, parlament üzvləri, ictimai xadimlər, incəsənət adamları, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqlar var idi.

 

“Christie’s”in sədri Lord Linli mərasimi açaraq sərginin təşkilinə dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə etdi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan incəsənətinin və mədəniyyətinin hərtərəfli təbliğində gördüyü işlərin əhəmiyyətini vurğuladı.

 

Leyla Əliyeva mərasimdə çıxış etdi.

 

Sonra “YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədi haqqında iştirakçılara məlumat verdi. O, bildirdi ki, “YARAT!” müasir Azərbaycan incəsənətinin və rəssamlarının həm yerli, həm beynəlxalq səviyyədə təbliğinə, tanıdılmasına xidmət edir.

 

“YARAT!”, həm Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya xarakterli incəsənət fondları ilə dialoq və mübadilə aparmaqdadır. O, həmçinin təhsil təşəbbüsləri, eləcə də beynəlxalq incəsənət mükafatları təsis etmək məqsədi naminə də fəaliyyət göstərir.

 

Aida Mahmudova bildirdi ki, 2012-ci ildə “YARAT!” “012 Bakı Public Art” festivalı da daxil olmaqla, iyirmidən artıq layihə həyata keçirib. Təşkilatın gələcək planları haqqında da məlumat verən A.Mahmudova London sərgisinə ev sahibliyi edən “Christie`s” və Lord Linliyə minnətdarlığını bildirdi.

 

Daha sonra tədbirdə Azərbaycan incəsənəti və müasir Azərbaycan rəssamları Aida Mahmudova, Ramal Kazımov, Faiq Əhməd, Əli Həsənov, Fərid Rəsulov, Orxan Hüseynov, Niyaz Nəcəfov və başqaları haqqında məlumat verən videoçarx nümayiş etdirildi.


“Christie`s” hərrac evinin nümayəndəsi Dina Amin isə təmsil etdiyi qurum haqqında məlumat verdi, bu mötəbər tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirdi.

 

Daha sonra tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdi.

 

Tədbirdə qonaqlara “YARAT!” Müasir İncəsənət Məkanının fəaliyyəti, ölkəmizin incəsənəti və müasir Azərbaycan rəssamları haqqında ətraflı məlumat verən disklər və jurnallar paylanıldı.


FOTO