03_inepo-olimpiada-achilish.jpg
5 aprel 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda "Ətraf Mühitin Mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının açılış mərasimində iştirak edib

Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) açılışı olub.


Müvafiq hökumət qurumları nümayəndələrinin, təhsil işçilərinin iştirak etdikləri mərasimə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qatılıb. Leyla Əliyeva Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə təltif edilib.


Leyla Əliyeva mərasimdə çıxış edib.


Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən 500-dək məktəbli qatılıb. Xarici ölkələrdən təqdim olunmuş layihələrdən 52-si, Azərbaycandan təqdim olunmuş layihələrdən isə 78-i növbəti mərhələyə keçib.


Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, şagirdlərdə ekoloji bilikləri inkişaf etdirmək, ekoloji məsələlər üzrə maarifləndirməni genişləndirməkdir.


Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, təhsil naziri Misir Mərdanov çıxış ediblər.


Sonra Heydər Əliyev adına İdman–Konsert Kompleksinin foyesində təşkil edilmiş sərgi ilə tanışlıq olub.


Olimpiadaya təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər aprelin 6-da keçiriləcək mərasimdə mükafatlandırılacaqlar.


FOTO