17 yanvar 2012

Londonda “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışı

Yanvarın 17-də Londonda Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər. 


Leyla Əliyeva tədbirdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Xanımlar və cənablar!


Bu axşam “Bakıya uçuş” adlı sərgiyə gəldiyiniz üçün sizə təşəkkür edirəm. Gördüyünüz kimi, biz doğrudan da heyrətləndirən və ilhamlandıran sənət əsərlərinin əhatəsindəyik. Burada sərgilənən dinamizm və yaradıcılıq bu gün mənim Vətənim Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir.


Müstəqil Azərbaycan nisbətən cavan ölkədir. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 20 illiyini qeyd etdik. Bu qədər cavan olmağımıza baxmayaraq, bizim qədim tariximiz vardır. Azərbaycan müsəlman Şərqində ilk ölkədir ki, burada 1918-ci ildə qadınlar səsvermə hüququ qazanmış, 1901-ci ildə müsəlman qızlar üçün ilk məktəb tikilmişdir. Azərbaycan, eyni zamanda, Şərqdə ilk opera və baletin səhnələşdirildiyi ölkədir.


Beləliklə, biz bir çox ilklərə imza atmış ölkəyik və bu gün də bu fəlsəfəni davam etdiririk. Keçən il biz “Eurovision” mahnı müsabiqəsində birinci olduq. Bu il müsabiqənin keçiriləcəyi Bakıda Avropanı qəbul etməyi səbirsizliklə gözləyirik.


Lakin müasir Bakı xalq mədəniyyətini təkcə musiqi vasitəsilə bayram etmir. Bakını gəzərkən siz küçələr boyu ətrafınızda sürətli inkişaf görə bilərsiniz – Zaha Hadidin şah əsərindən tutmuş yeni mağazalar, restoranlar və mehmanxanalar düzülmüş prospektlərədək, Xəzər dənizinin sahilində bulvaradək! Bu, gözünüzün önündə dəyişən şəhərdir. Bakının memarlığı özündə təkcə IX əsrə aid Qız Qalasında əksini tapan köhnə ilə yenini birləşdirmir, həmçinin Şərq ilə Qərbi, Zərdüşt məbədləri ilə müasir binaları və XX əsrin əvvəllərinin neft bumu dövrünə aid fransız şəhərsalma mədəniyyətini özündə təcəssüm etdirir.


Bildiyiniz kimi, incəsənət mənim böyük həvəslə yanaşdığım bir sahədir. Ömrüm boyu mən müasir incəsənəti tədqiq etməkdən zövq almışam - istər vaxtı ilə Londondakı Teyt muzeyini gəzərək, istər indi Bakıda Müasir İncəsənət Muzeyində sərgilənən əsərləri təhlil edərək. Mən də rəsm çəkməyi sevirəm və həmişə ürəklərini, ruhlarını yaratdıqları əsərlərə qoyan rəssamlara pərəstiş etmişəm.


Buna görə də mən bu möhtəşəm əsərlərin yanvarın sonunadək Londonda, daha sonra isə bütün Avropada beynəlxalq auditoriyaya sərgilənməsinin bir hissəsi olmağımdan çox həyəcanlıyam. Burada görəcəyiniz əsərlərin bir çoxu həm gənc və eyni zamanda, məşhur rəssamların işləridir, çoxu məhz bu sərgi üçün yaradılıb, buna görə də ilk dəfə sərgilənir.


Azərbaycanın hər bir tərəfindən 21 rəssamın yüzlərlə əsərinin burada sərgilənməsindən dərin qürur hiss keçirirəm. Düşünürəm, razılaşarsınız ki, bu gün Bakıda necə də canlı müasir incəsənət dünyası mövcuddur.


Bu tədbiri bu cür gözəl şəraitdə təşkil etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Bu layihənin ərsəyə gəlməsində Mikayelanın və Simonun böyük dəstəyi olub. Onların buradakı - Hovik Pleysdəki qalereyası fenomenal məkandır. Təqribən il yarım öncə burada təşkil olunmuş bir sərgiyə gəldiyim an mən yəqin etdim ki, bu qalereya bu sərginin keçiriləcəyi yer olacaqdır. Düşünürəm, şübhəsizdir ki, məkan və incəsənət bir-birlərini tamamlayır.


Erve Mikaelof, Emin Məmmədov və onların komandaları rəsmdən tutmuş instalyasiyalar, videolar, fotoşəkillər və ifalaradək müasir incəsənətin bütün formalarını özündə cəmləyən ruhlandırıcı sərgi yaratmaq üçün bu fərqli rəssamları bir araya gətiriblər.


Əziz qonaqlar, bu axşam “Bakıya uçuş” adlı sərgidə iştirakınıza görə sizə təşəkkür edirəm. Bu tədbir mənim üçün böyük əhəmiyyət kəsb edir. Mən şadam ki, bu sərgi bu gün London kimi gözəl bir şəhərdə açılır. Bu tədbirə vaxtlarını və səylərini sərf etmiş bütün bizim təşkilatçılarımıza və əlbəttə ki, parlaq, istedadlı azərbaycanlı rəssamlara təşəkkür etmək istərdim. Ümid edirəm ki, hamınız yaxşı axşam keçirəcəksiniz. 


Çox sağ olun.


Xəbərə keçid