12 aprel 2013

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində ikinci sessiya

Aprelin 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu çərçivəsində “Sabit inkişafa aparan yolda qlobal iqtisadiyyatın energetika və ekologiya ölçüsü” və “Beynəlxalq münasibətlərin inkişafında vətəndaş təsisatlarının (biznes və media-birliklərin) rolu” mövzularında ikinci sessiya keçirilib. 


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, Azərbaycanın MDBMİ Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak ediblər.


Leyla Əliyeva mərasimdə çıxış edib.


Leyla Əliyevanın çıxışı:


- Hörmətli qonaqlar, əziz dostlar!


Mən, əlbəttə, ilk növbədə sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. Sizi günəşli Bakıda görməyə çox şadam. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu kimi mənə çox xoşdur ki, bizim ali məktəbin məzunlarının birinci Ümumdünya Forumu Azərbaycanda keçirilir. Ölkəmiz həmişə öz qonaqpərvərliyi ilə məşhur olmuşdur. Tarixən Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan həmişə müxtəlif mədəniyyətləri, ənənələri və sivilizasiyaları özündə cəmləşdirmişdir. Tolerantlıq, dözümlülük və dostluq kimi anlayışlar bizim üçün adi sözlər deyil, bu, həyat tərzidir. Təsadüfi deyildir ki, Bakıda müsəlman məscidləri ilə yanaşı, xristian kilsələri və sinaqoqları da görə bilərsiniz. Son vaxtlar Bakı beynəlxalq forum və görüşlərin keçirildiyi yerə çevrilmişdir. Biz, əlbəttə, öz soy-kökümüzə və ənənələrimizə çox hörmət edir və onlara qayğı ilə yanaşırıq. Bununla bərabər biz dünyanın mədəni müxtəlifliyinə dərin ehtiram bəsləyirik. Ölkəmizdə böyük rus mədəniyyətini çox sevirlər. Bizim məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılmışdır. Moskva Dövlət Universitetinin filialı vardır, Bakı Slavyan Universiteti və Rus Dram Teatrı fəaliyyət göstərir. Ölkələrimizi müştərək tarix, həmçinin müstəqillik dövründə yaranmış dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Əlbəttə, bugünkü forum bunu bir daha təsdiq edir.


Əziz dostlar, bizim panelin mövzusu, yəni müasir dünyanın ekoloji çağırışları Yer planetinin hər bir sakininə aidiyyəti olan məsələdir. Aşkardır ki, dünyada hər şey qarşılıqlı əlaqəlidir və dünya iqtisadiyyatı ekoloji problemlərlə ayrılmaz şəkildə bağlıdır. Biz gələcəkdə qlobal ekoloji fəlakət ehtimalını dəfələrlə eşitmişik və müzakirə etmişik. Mənim fikrimcə, məhz bu səbəbdən ətraf mühit haqqında çox anlaşıqlı şəkildə, bəlkə də məktəb skamyasından başlayaraq danışmaq lazımdır.


İki il bundan əvvəl Heydər Əliyev Fondu ətraf mühitin müdafiəsi üzrə IDEA (İnternational Dialogue for Environmental Action) beynəlxalq kampaniyası başlanmışdır. Bu kampaniya əsasən gənclərlə işləyir. Biz bütün layihələrimizə kreativ yanaşma tapmağa çalışırıq. Yəqin ki, bu gün IDEA regionda ətraf mühitin qorunması üzrə ən fəal kampaniyadır. Bu yaxınlarda biz WWF Rusiya ilə layihə imzalamışıq. Bizim müştərək layihələrimiz çoxdur. Biz Qafqaz zubrunun qorunması, ağacəkmə, habelə quşlar üçün yuvalar tikilməsi üzrə layihələr hazırlamışıq. Bundan əlavə, WWF Türkiyə ilə analoji müqavilə üzərində işləyirik.


Məhv olmaq təhlükəsi altında olan heyvanların müdafiəsini bizim kampaniyanın fəaliyyətinin prioritet istiqaməti hesab edirik. Bu məqsədlə IDEA özünün Böyük Qafqaz beşliyini müəyyən etmişdir. Buraya beş heyvan növü – bəbir, canavar, ceyran, qartal və ayı daxildir. Əlbəttə, biz hesab edirik ki, bu heyvanları qorumaq çox vacibdir. Fürsətdən istifadə edərək, sizə çox xoş bir xəbər vermək istərdim. Bu yaxınlarda Azərbaycanda Qafqaz bəbiri qeydə alınmışdır. Bu, çox nadir heyvan növüdür və Azərbaycan Avropada yeganə ölkədir ki, bu heyvan təbii yaşayış mühitində mövcuddur. Buna görə də indi biz bu heyvanın və əlbəttə, başqa heyvan növlərinin də qorunması üzrə layihələr üzərində işləyəcəyik.


Bu gün IDEA kampaniyası Bakıda və bölgələrdə “Ətraf mühitin qorunması” mövzusunda treninqlər və seminarlar keçirir. Azərbaycanın bir sıra ali məktəblərində müxtəlif ekologiya kabinetləri vardır, biz ətraf mühitin qorunmasına dair dərslik çap edilməsi üzərində işləyirik. Ümidvaram ki, yaxın gələcəkdə ölkəmizin bütün məktəblərində “Ətraf mühitin mühafizəsi” mövzusunda dərslər keçiləcəkdir. Ötən il Azərbaycan paytaxtında İDEA kampaniyası tərəfindən BMT-nin Ətraf Mühit Proqramı ilə birgə təşkil edilmiş “Yaşıl həftə” keçirilmişdir.


Əziz dostlar, mən bu tribunadan istifadə edərək vurğulamaq istəyirəm ki, bizim fəaliyyətimiz təkcə coğrafiya ilə məhdudlaşmır. Biz müxtəlif ölkələrdən olan gəncləri bizim layihələrə qoşulmağa və onları dəstəkləməyə, habelə öz ideya və planlarını bizimlə bölüşməyə dəvət edirik. Əlbəttə, IDEA gənc təşkilatdır və dünya miqyasında yəqin ki, dəryada bir damla kimidir. Lakin bizim fikrimizcə, əsas məsələ həcmdə deyil, hər bir insan, hətta bircə insan da ətraf mühitin müdafiəsinə öz töhfəsini verə və planetimiz üçün çox iş görə bilər. Mən öz təcrübəmizə əsasən deyə bilərəm ki, gənclərlə işləmək xüsusilə xoşdur. Yəqin, çoxunuza məlumdur ki, beş il bundan əvvəl Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yaradılmışdır. Bu beş il ərzində bizim təşkilat çox iş görə bilmişdir. Biz gənclərin həyatının bütün sahələrini əhatə etməyə çalışırıq – buraya mədəniyyət də daxildir, təhsil də, səhiyyə, elm, idman və əlbəttə ekologiya da. Bu gün RAGB-nin 70-ə yaxın regional bölməsi mövcuddur. Rusiyanın demək olar ki, bütün ali məktəblərində azərbaycanlı gənclər klubları vardır. Qeyd etmək istəyirəm ki, ilk bu cür klub təxminən 7 il bundan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaradılmışdır. Əminəm ki, bizim bütün fəaliyyətimiz məhz bundan başlanmışdır.


Əziz dostlar, bu forum sayəsində biz öz fəaliyyətimizi genişləndirəcək və yeni həmfikirlər tapacağıq. Diqqətinizə görə, sizin hamınıza təşəkkür etmək istəyirəm. Sizin hamınızı Bakıda görməyə çox şadam və ümid edirəm ki, bu qədim şəhərdə gəzmək, bulvarımızın aurasını və əlbəttə, qonaqpərvərliyimizi hiss etməyə imkanınız olacaqdır. Çox sağ olun. Sizə ən xoş arzularımı bildirirəm.


Xəbərə keçid