RH7_8546.JPG
17 noyabr 2010

İran prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüş

Noyabrın 17-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ölkəmizdə səfərdə olan İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi ilə görüşmüşdür.


Qonağı salamlayan Mehriban xanım Əliyeva Əzəm əs-Səadət Fərəhini Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirdi.

 

Heydər Əliyev Fondu haqqında məlumat verən Azərbaycanın birinci xanımı dedi ki, 2004-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək və təbliğ etmək, ümummilli liderin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla yanaşı, Fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə də bağlı genişmiqyaslı layihələr həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti qonağın diqqətinə çatdırdı ki, Fond uşaq evləri və internat məktəblərinin yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşması, zəngin mədəniyyətimizin öyrənilməsi, təbliği işlərində də yaxından iştirak edir.


İran Prezidentinin xanımı Əzəm əs-Səadət Fərəhi Azərbaycana səfərindən məmnun olduğunu söyləyərək, doğma münasibətə və qonaqpərvərliyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Qonaq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə bu görüşün gələcək görüşlərin başlanğıcı olduğunu dedi. İran Prezidentinin xanımı Mehriban Əliyevanı Tehrana dəvət etdi.

 

Azərbaycanın birinci xanımı dəvətə görə Əzəm əs-Səadət Fərəhiyə minnətdarlığını bildirdi.

 

Mehriban xanım Əliyeva ölkəmizə səfəri çərçivəsində paytaxtımızla yaxından tanışlığın Əzəm əs-Səadət Fərəhidə xoş təəssürat yaradacağına ümidvar olduğunu söylədi.


FOTO