01.JPG
15 mart 2011

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç ilə görüş

Martın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç ilə görüşmüşdür.


Qonağı Heydər Əliyev Fondunda salamlamaqdan məmnun olduğunu bildirən Mehriban xanım Əliyeva Azərbaycan ilə Türkiyənin dərin köklərə malik sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin xalqlarımızın və ölkələrimizin birgə maraqlarına xidmət etdiyini vurğulamışdır. Digər sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlığın faydalı olacağından əminliyini bildirən Azərbaycanın birinci xanımı gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsi üçün Fondun açıq olduğunu diqqətə çatdırmışdır. Mehriban xanım Əliyeva bildirmişdir ki, Heydər Əliyev Fondu əməkdaşlığa hər zaman hazırdır.


Səfir Hulusi Kılıç xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidentinə təşəkkürünü bildirmiş, onu qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir. Türkiyəli diplomat Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələrdən xəbərdar olduğunu, ölkəsində bu fəaliyyətin yüksək qiymətləndirildiyini və qürur hissi doğurduğunu vurğulamışdır. Əməkdaşlığın perspektivlərinə toxunan səfir, qarşılıqlı fəaliyyətin qardaş ölkələrimizin inkişafına sanballı töhfələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır. Səfir ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladaraq Fond ilə əməkdaşlığın xalqlarımızın münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini demişdir.


FOTO