02_YUNESKO-KONFRANS-MEHRIBAN ALIYEVA.JPG
27 sentyabr 2010

Mehriban Əliyeva Moskvada kiçik yaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş Ümumdünya konfransının açılış mərasimində iştirak edib

Sentyabrın 27-də Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş Ümumdünya konfransının açılış mərasimi olmuşdur.

 

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mərasimdə iştirak etmişlər.

 

YUNESKO-nun üzvü olan ölkələrin dövlət və hökumət nümayəndələrinin, tədqiqatçıların, mütəxəssislərin, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarının, BMT-nin qurumlarının, donor təşkilatlarının təmsilçilərinin qatıldığı bu forumda “Təhsil hamı üçün” qlobal proqramının birinci məqsədinə nail olmağa dünyanın nə dərəcədə yaxınlaşdığı müəyyən ediləcəkdir.

 

Konfransı YUNESKO-nun baş direktoru xanım İrina Bokova açmışdır. O, Rusiya paytaxtında keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, YUNESKO-nun əsas ideyasına görə, təhsil insanın həyat fəaliyyətinin hər bir sahəsində böyük əhəmiyyət kəsb edir. İ.Bokova sanballı statistik məlumatlara əsaslanaraq bildirmişdir ki, hər il planetimizdə 9 milyona yaxın uşaq ölümü qeydə alınır. Onların üçdə iki hissəsi əsasən doyunca qidalanmamaq üzündən 5 yaşına çatmır. Onun sözlərinə görə, təhsil insanın bütün həyatı boyu potensialını möhkəmləndirir. O demişdir: “Əgər biz uşaqlar üçün sərmayə qoysaq, dinc və xoşbəxt gələcəyimizi təmin edəcəyik”.

 

YUNESKO-nun İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova bu konfransı əlamətdar hadisə adlandırmış, onun tarixi əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, konfrans ətraflı fikir mübadiləsi aparmağa, qarşıya qoyulmuş məqsədləri daha dərindən təhlil etməyə imkan verəcəkdir. E.Mitrofanova Rusiyanın təcrübəsi və bu sahədə YUNESKO ilə birlikdə həyata keçirdiyi proqramlar, eləcə də uşaqların təhsili və tərbiyəsi ilə bağlı dövlət siyasəti barədə məlumat vermişdir.

 

Moskvanın meri Yuri Lujkov qeyd etmişdir ki, Moskva bu konfransda nəzərdən keçirilən məsələlərin həlli sahəsində böyük təcrübəyə malikdir. O, statistik məlumatlar və Rusiya dövlətinin bu sahədə sosial siyasətinə dair konseptual müddəalara əsaslanaraq, Moskvada bu sahədə yaranmış vəziyyəti ətraflı xarakterizə etmiş və bu cür proqramların YUNESKO ilə birlikdə və onun dəstəyi ilə həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

 

Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban ƏLİYEVA konfransda təbrik nitqi ilə çıxış etmişdir.

 

Sonra Moskva merinin müavini Lyudmila Şvetsova Rusiyanın birinci xanımı Svetlana Medvedevanın təbrikini, RF təhsil və elm naziri Andrey Fursenko isə Baş nazir Vladimir Putinin təbrikini oxumuşdur.

 

Sonra çıxışlar olmuşdur. Konfrans öz işini bölmələrdə davam etdirmişdir.

 

Ümumdünya konfransının ali qonaqlarının şərəfinə şam yeməyi verilmişdir. Şam yeməyində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.


FOTO