03_m.aliyeva-avropa-oyunlari-tashkilat-komitasi.jpg
25 iyun 2013

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ikinci iclası olub

İyunun 25-də 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub.


Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib.


Mehriban Əliyeva iclasda çıxış etdi.


Atletlər kəndinin master planını təqdim edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya kəndində aparılan işlərdən danışaraq bildirdi ki, təxminən 7 min 300 atletin Olimpiya kəndində qalması, qidalanması və istirahəti üçün bütün şərait yaradılacaq. Bu məsələ ilə bağlı xarici və yerli mütəxəssislərin birgə çalışdığını deyən Azad Rəhimov Təşkilat Komitəsinin ilk iclasından sonra keçən dövrdə Avropa Oyunları ilə bağlı 18 Anlaşma Memorandumunun imzalandığını, oyunlarda 18 idman növünün təmsil olunacağını, daha iki idman növü üzrə memorandumların imzalanacağının gözlənildiyini bildirdi.


Mehriban Əliyeva oyunlara hazırlıqla bağlı infrastruktur məsələlərinin həllinin vacibliyini bildirdi, idman qurğularının monitorinqinin aparıldığını qeyd etdi.


Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Avropa Oyunları üzrə işçi qrupunun icraçı məsləhətçisi Daq Arnot, Avropa Oyunlarının təhlükəsizlik üzrə məsləhətçisi, Avropa Oyunları üzrə işçi qrupunun üzvü Peter Aşvin, Nəqliyyat naziri Ziya Məmmədov, Daxili işlər naziri Ramil Usubov, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov, Maliyyə naziri Samir Şərifov çıxış etdilər.


Təşkilat Komitəsinin ikinci iclasına yekun vuran Mehriban Əliyeva aidiyyəti qurumlar arasında geniş və sıx əməkdaşlığın qurulmasının vacibliyini vurğuladı. İdman ölkəsi kimi tanınan Azərbaycanda irimiqyaslı idman tədbirlərinin keçirildiyini, bununla bağlı beynəlxalq mütəxəssislərin rəylərinin yüksək olduğunu qeyd edən Mehriban Əliyeva Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirdi.