3.JPG
15 sentyabr 2011

Mehriban Əliyeva Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin açılışında iştirak edib


Sentyabrın 15-də Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak etmişdir.


Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda Konqresin keçirildiyi Hərbi məktəbdə Fransa Terror qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark qarşıladı.


Tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.


Sonra dünyada baş verən terror hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən Konqresi Qiyyom dö Sen Mark açdı.


İştirakçıları salamlayan Assosiasiyanın baş direktoru tədbirin əhəmiyyətini qeyd etdi və Konqresin tərəfdaşlarına minnətdarlığını bildirdi. Diqqətə çatdırıldı ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır.


Azərbaycanın bu Konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğuladı ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Ölkəmizə səfər etdiyini və terror qurbanları ilə görüşdüyünü deyən Fransa Terror qurbanları Assosiasiyasının baş direktoru Azərbaycanda da belə bir təşkilatın yaradıldığını yüksək qiymətləndirdi. Qiyyom dö Sen Mark qeyd etdi ki, indiyədək bu Konqres İspaniya və Kolumbiyada keçirilib. Budəfəki Konqresdə 35-dən çox ölkədən terror qurbanları və onların qohumları iştirak edirlər. Tədbirin əsas məqsədi terrorizmdən əziyyət çəkən insanlara dəstək verməkdir. Baş direktor qeyd etdi ki, gələcəkdə dünyada baş verən terror aktları qurbanlarının xatirəsinə abidə qoyulacaqdır.


Beynəlxalq Terror Qurbanları Təşkilatının sədri Karlos Romero tədbirin terror qurbanları üçün böyük əhəmiyyət daşıdığını dedi və əlavə etdi ki, terrorla mübarizədə bütün ölkələr, hökumətlər və mülki şəxslər səyləri birləşdirməli, bütün bəşəriyyət üçün təhlükə olan bu bəla ilə mübarizə əlaqələndirilmiş formada aparılmalıdır. O bildirdi ki, terrorizm və onun bütün fəsadları yalnız bir dövlət və xalq üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün təhlükəlidir. Karlos Romero növbəti bu cür Konqresin İspaniyada keçiriləcəyini bildirdi.


Amerika Birləşmiş Ştatlarının Fransa və Monakodakı səfiri Çarlz Rivkin 2001-ci il 11 sentyabr hadisələrindən danışdı. O qeyd etdi ki, həmin hadisələrdə 3 minə yaxın insan terrorun qurbanı olub. Səfir gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün bütün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Diplomat ölkəsinin terrorla mübarizə istiqamətində apardığı işlərdən danışdı.


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış etdi.


Sonra Fransanın ədliyyə naziri Mişel Mersiye çıxış etdi. Fransa Prezidenti Nikola Sarkozinin salamlarını Konqres iştirakçılarına çatdıran Mişel Mersiye vurğuladı ki, terror qurbanları hər zaman qayğı ilə əhatə olunmalıdırlar və onların problem və çətinlikləri hər bir insanı narahat etməlidir. Terrorizmin ümumbəşəri bəla olduğunu deyən ədliyyə naziri terror qurbanlarına dəstəyin bütün millətlər üçün vacib olduğunu diqqətə çatdırdı.


Daha sonra İspaniya şahzadəsi çıxış etdi. “Terrorçuların əməllərinə heç cür bəraət qazandırmaq olmaz”, - deyən Şahzadə vurğuladı ki, dünyada terrorizmin kökünü kəsmək üçün hamı çalışmalıdır.


Fransa və eləcə də Avropa mediasının çox böyük diqqət mərkəzində olan tədbirdə dünyanın nüfuzlu və tanınmış ictimai-siyasi xadimləri, müxtəlif millətlərin nümayəndələri, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, İspaniya, Kolumbiya, Misir, Pakistan, İran və İraqın Fransadakı səfirləri və bu ölkələrdən mütəxəssislər iştirak edirdilər.


FOTO