01.jpg
10 may 2011

“Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilib

Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdirdilər.

 

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı.

 

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış edərək müstəqil Azərbaycanın mövcud olduğu 20 il ərzində ölkəmizin böyük uğurlar qazandığını bildirdi. Bu gün Azərbaycanın güclü bir dövlət olduğunu vurğulayan Mehriban xanım Əliyeva dedi ki, biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət Heydər Əliyevin silinməz izlərini görürük. Müstəqilliyimizin ilk illərindəki kəşməkəşli vəziyyəti xatırladan Heydər Əliyev Fondunun prezidenti bildirdi ki, ümummilli liderimiz Azərbaycanı böyük bəlalardan xilas etmiş və xalqa güvənərək yeni, müasir tariximizin şanlı səhifələrini yazmağa başlamışdır.

 

Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunun xalqa və Vətənə xidmət rəmzinə çevrildiyini vurğulayan Mehriban xanım Əliyeva ulu öndərin adını daşıyan Fondun 7 illik fəaliyyətini xatırlatdı. Azərbaycanın birinci xanımı dedi ki, Fond ötən il də bir sıra irimiqyaslı layihələr həyata keçirmişdir. Mehriban xanım vurğuladı ki, ötən 7 ildə Fondun ən böyük uğuru Azərbaycan xalqının inamını və hörmətini qazanmasıdır.

 

Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olundu.

 

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

 

Ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edən dövlətimizin başçısı dedi ki, ümummilli lider bütün dövrlərdə doğma xalqına, Vətəninə sədaqətlə xidmət edib. Onun xidmətləri sayəsində Azərbaycan Sovet İttifaqında inkişaf baxımından ən qabaqcıl yerlərə çıxdı, ölkəmizin həyatının bir çox sahələrində sürətli inkişaf müşahidə olundu və beləliklə, ötən əsrin 70-ci illəri tariximizdə tərəqqi dövrü kimi qaldı. O, Sovet İttifaqının ali rəhbərliyində təmsil olunanda da Azərbaycanın inkişafı yolunda mühüm addımlar atdı, onun vəzifədən kənarlaşdırılmasından sonra isə ölkəmiz müxtəlif problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatizm meyilləri gücləndi. “Lakin Heydər Əliyevin Azərbaycana verdiyi töhfələr xalqın ürəyində yaşayırdı”,- deyən Prezident İlham Əliyev bildirdi ki, ulu öndər bütün dövrlərdə şərəflə yaşayıb, bütün sınaqlardan üzüağ çıxıb.

 

Ümummilli liderin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışını zamanın və xalqın tələbi olduğunu bildirən dövlətimizin başçısı qeyd etdi ki, əgər o vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi. 1993-2003-cü illərin Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldığını deyən Prezident İlham Əliyev bildirdi ki, dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulmuşdur və o vaxtdan bu günə qədər Azərbaycan yalnız inkişaf yolu ilə gedir.

 

Müstəqilliyin bizim üçün ən böyük sərvət olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik, Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq.

 

Sonra Heydər Əliyev mükafatının təqdimatı oldu.

 

Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olundu.

 

Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim etdi.

 

Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olundu.

 

Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olundu.

 

İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan olundu.

 

Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edildi.

 

Hər iki qalibə Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim etdi.

 

Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu. Konsertdə dünya şöhrətli “İl-divo” qrupunun və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun ifaları da maraqla qarşılandı.


FOTO