01.JPG
27 fevral 2010

Qəbələdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş uşaq bağçası açılıb

Fevralın 27-də Prezident İlham Əliyev Qəbələdə uşaq bağçasının açılışında iştirak etmişdir.

 

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və uşaq bağçası ilə yaxından tanış oldu.

 

Bağçada ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır .

 

Məlumat verildi ki, gənc nəslin təhsili və sağlamlığının qorunması Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fond ölkədə həyata keçirilən təhsil və səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəlmişdir. Heydər Əliyev Fondunun uşaqların sağlamlığının qorunması istiqamətində gördüyü işlər cəmiyyətdə birmənalı olaraq razılıqla qarşılanır. İndi məktəbəqədər hazırlıq müəssisələrinin, uşaq bağçalarının müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Qəbələdə Fondun təşəbbüsü ilə inşa edilən uşaq bağçası da bu qəbildəndir.

 

Ümumi sahəsi 942 kvadratmetr olan ikimərtəbəli uşaq bağçası 70 yerlikdir. Bağçada balacaların təlim-tərbiyəsi və istirahəti üçün hər cür şərait yaradılmışdır.


Uşaq bağçasında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada xüsusi məşğələ otaqları fəaliyyət göstərir. Uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə edilir. Onların qidalanması da diqqət mərkəzində saxlanılır. Bina istilik sistemi ilə təchiz edilmişdir. 


FOTO