24 iyul 2010

Azərbaycanlı gənclərin dövlət hesabına Litvada təhsil alması üçün müsabiqə keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2010/2011-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində azərbaycanlı gənclərin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.

 

Bakalavr təhsili üzrə müsabiqədə 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti “5” olmalıdır. Müsabiqədə, həmçinin bu il ölkəmizin ali təhsil müəssisələrinin I kursunu bitirmiş tələbələr də iştirak edə bilərlər. Magistratura pilləsi üzrə müsabiqədə iştirak etmək hüququna 2010/2011-ci tədris ili üçün respublikamızın ali məktəblərinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.

 

Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 26-dan avqustun 10-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (Ünvan: akademik Həsən Əliyev küçəsi, 17).