15 sentyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tbilisidəki M. F. Axundzadə adına 73 nömrəli yeganə Azərbaycandilli məktəb əsaslı təmir olunub

Sentyabrın 15-də Gürcüstanın ümumi məktəblərində yeni dərs ili başlanmışdır.

 

Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli yeganə Azərbaycandilli ümumi məktəb həmişə olduğu kimi, yeni dərs ili ərəfəsində də Heydər Əliyev Fondundan böyük hədiyyə almışdır. Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində məktəbin binası əsaslı surətdə təmir edilərək kollektivin istifadəsinə verilmişdir.

 

Bununla əlaqədar məktəbdə geniş tədbir keçirilmişdir. Məktəbin direktoru Salman Pirməmmədov yeni dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etmişdir. Direktor demişdir ki, Gürcüstanın digər Azərbaycandilli tədris ocaqları kimi 73 nömrəli məktəb də ümummilli lider Heydər Əliyevin adını daşıyan Fonddan daim qayğı və diqqət görmüşdür. S.Pirməmmədov Gürcüstan paytaxtında yeganə Azərbaycandilli məktəbin əsaslı surətdə təmir edilib müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmasında Heydər Əliyev Fondunun xüsusi dəstəyini qeyd etmiş, pedaqoji kollektiv və valideynlər adından Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

 

Salman Pirməmmədov məktəbdə qısa müddətdə keyfiyyətli təmir işləri aparmış “Bazalt-konstruksion LTD” tikinti şirkətinin kollektivinə təşəkkürünü bildirmişdir. Direktor Heydər Əliyev Fondunun rəhbərliyini və valideynləri əmin etmişdir ki, pedaqoji kollektiv etimadı doğruldub şagirdlərin biliklərin əsaslarına yiyələnmələri üçün səy və bacarığını əsirgəməyəcəkdir.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Fəxri Hacıyev yeni dərs ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və müəllimləri təbrik etmişdir. Səfirliyin əməkdaşı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xaricdə yaşayan soydaşlara qayğısından söhbət açmış, tədbir iştirakçılarının diqqətini Azərbaycan dövlətinin ölkədə, həmçinin Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrində təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqmətində həyata keçirdiyi tədbirlərə yönəltmişdir. O, bu xeyirxahlığa görə gürcüstanlı soydaşlar adından Azərbaycan dövlətinin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

 

“Bazalt-konstruksion LTD” tikinti şirkətinin direktoru Natiq Əhmədov, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanov, məktəbin veteran müəllimi Ziyəddin Həmidov və başqaları belə bir xeyirxahlığa görə ulu öndər Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmiş, kollektivə təhsildə uğurlar diləmişlər.

 

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləmişlər. Sonra ilk zəng çalınmışdır.

 

Qeyd edək ki, son illər ərzində ilk dəfə olaraq bu dərs ilində məktəbin birinci sinif şagirdlərinin sayı iki dəfə artmış, bu təhsil ocağının məzunlarından 6 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunmuş, onlardan iki nəfəri qəbul imtahanlarında fərqləndiyinə görə Prezident Mixeil Saakaşvili tərəfindən kompyuterlə mükafatlandırılmışdır.