21 iyun 2006

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda yeni məktəb binası tikilir

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində Qax şəhərinin qocaman təhsil müəssisələrindən olan 1 nömrəli orta məktəb üçün 240 yerlik yeni binanın tikintisinə başlanmışdır. 300 nəfərə yaxın şagirdin təhsil aldığı məktəbin binası hazırda yararsız vəziyyətdədir.


Rayon Təhsil şöbəsindən bildirmişlər ki, xüsusi layihə əsasında müasir standartlara uyğun inşa edilən birmərtəbəli yeni məktəb binası 18 otaqdan ibarət olacaqdır. Müasir avadanlıq və istilik sistemi ilə təchiz ediləcək məktəb binasının yeni dərs ilinədək təhvil veriləcəyi planlaşdırılır.

 

Proqram çərçivəsində rayonun Almalı kəndində də 240 yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur.